Konfransda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Rayon Ağsaqqallar Şurasının sədri, Rayon Ağsaqqallar Şurasının idarə Heyyətinin üzvləri, qəsəbələr üzrə Ağsaqqallar Şurasının sədrləri iştirak ediblər.
Konfrans iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin Suraxanı
rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rəşad Hacıyev qonaqları salamladıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Hacıyev ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirərək, ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. Əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var. RİH başçısının müavini rayonun sosial-iqtisadi inkişafında onların hər birinin böyük əməyi olduğunu qeyd edib. Bildirib ki, rayonumuzun ağsaqqalları həmişə aktivlik nümayiş etdirərək öz nüfuzlarından istifadə edirlər. 44 günlük Vətən müharibəsi dövründə ağsaqqallarımız əhali, xüsusilə gənclərimiz arasında vətənpərvərlik təbliğatını daha da genişləndirib, rayon rəhbərliyi ilə birlikdə şəhidlərimizin ilk günlərindən yanlarında olub, onlara hər cür mənəvi dəstək göstəriblər.
Daha sonra konfransı idarə etmək üçün söz Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Rəşid Məmmədova verilib, konfransda tədbirin gündəliyindəki məsələlər müzakirə olunub.
Yığıncağda rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın əldə etdiyi Qələbənin, nailiyyətlərin geniş təbliğində iştirak etdiyini və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərə bildirdi ki, ağsaqqallıq məqamı tarixin, taleyin süzgəcindən keçmiş, milli-mənəvi dəyərləri özündə birləşdirən ali mərtəbə, anlamı hər kəs tərəfindən birmənalı qəbul edilmiş məhfumdur. Yerli təşkilatın sədri Ulu Öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Çünki elə onun özü ən böyük ağsaqqalımız idi. Yeni Azərbaycan Partiyasının təməli də məhz ağsaqqal sözü, ağsaqqal xeyir-duası ilə qoyulmuşdur deyən Vüqar Seyidov əlavə etmişdir ki, YAP Suraxanı rayonun üzvlərinin 20 faizə qədəri məhz veteranlardan ibarətdir. Onlar özlərinin mənalı ömürlərini dövlətimizin və doğma partiyamızın inkişafına həsr etmişlər. Biz ağsaqqal və ağbirçək üzvlərimizlə qürur duyuruq.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış edərək ağsaqqal hərəkatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli Ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib.
Suraxanı Rayon Ağsaqqallar Şuranın İdarə Heyətinin üzvləri Əzimbala Əzimov, Vaqif Alxasov, Ağalar Bayramov, Əmək, Müharibə və Silahli Qüvvələr Veteranlar təşkilatının Suraxanı rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov çıxış edib.
Sonda Şuranın İdarə Heyətinə Balabəyov Tərifxan Tahir oğlunun və Şəhid atası Qasımov Əli Muxtar oğlunun üzv seçilməsi təklif olunub. Səsvermə nəticəsində təklif qəbul olunub.