Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən
Rafiq Ismayilov
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil siyasət kursu bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu strategiyanın mühüm nailiyyətlərlə müşahidə olunması Ulu Öndərin başladığı prosesin nəticəsidir. Cənab prezident İlham Əliyev eyni zamanda, özünün müasir, dünyagörüşlü, yeni idarəçilik fəlsəfəsinə söykənən siyasəti ilə bu prosesə yeni çalar və impulslar gətirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasəti də istisna deyil. Bu yöndə gerçəkləşdirilən fəaliyyəti kifayət qədər uğurlu və məhsuldar hesab etmək olar.
Hər bir xalqın ən ümdə, həyati vəzifəsi isə müstəqilliyi qorumaq, əbədi yaşatmaqdır. 1918 ci il may ayının 28 də Azərbaycan Rusiya imperiyasının müstəmləkə asılılığından çıxaraq öz müstəqilliyini elan etmiş, milli dövlətçilik yolunda ilk addımlarını atmışdır. Lakin dövrün reallıqları Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət yaşamasına imkan vermədi.
Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı qeyd etdiyi kimi “Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi”.
Tarixi inkişafının növbəti ünvanlarına şütüyən Azərbaycanın sükanı etibarlı və möhkəm əllərdədir. Bütün Azərbaycan xalqı indi dövlət müstəqilliyimizi möhkəmləndirmək məqsədi ilə öz rəhbərinin ətrafında daha sıx birləşmişdir. Qədim Zəngəzur mahalının Zəngilan rayonunda müasir layihələrdən biri olan “Ağıllı kənd” qayıdışın ilk mənzərəsini özlüyündə ehtiva edir. Bu prosesin yüksək səviyyədə həyata keçirilməsi eyni zamanda da revanşist erməni cəmiyyəti ilə, sülhsevər Azərbaycan vətəndaşlarının arasında olan mənəvi-psixoloji fərqi ortaya qoymaqdadır. Biz sülh istəyirik və irəli sürülmüş 5 maddədən ibarət təkliflər paketinin həyata keçirilməsinin alternativi yoxdur. Biz qüdrətli və qalib xalq kimi sülh prosesini də diqtə edirik. Azərbaycan xalqı bundan sonra da Müzəffər və qalib xalq kimi yaşayacaqdır. Buna bizim mənəvi haqqımız çatır.