Cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe

Cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində atılan ən önəmli addımlardan biri 1978-ci il aprelin 27-də Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunması olmuşdur. Bu təşəbbüs xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli maraqları daim ön planda tutan uzaqgörən siyasətinin nəticəsi idi. 1970-ci illərin ortalarında SSRİ-nin tərkibində olan milli respublikalarda dil məsələsi son dərəcə həssas və təhlükəli bir məsələ sayılırdı. SSRİ rəhbərliyinin milli dillərin sıxışdırılması istiqamətində apardığı siyasət nəticəsində respublikaların ana dilləri ikinci plana keçirilmiş, rus dili hakim dilə çevrilmişdi. Belə bir mühitdə dövlət rəhbərinin ana dili ilə bağlı təşəbbüskarlıq göstərməsi cəsarət və vətənə dərin bağlılıq tələb edirdi. Məhz belə bir şəraitdə Heydər Əliyev 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunmasına nail oldu.
Bu təşəbbüs, təkcə bir hüquqi yenilik deyil, həm də milli özünüdərkin, mədəni irsin qorunmasının, gələcək müstəqilliyin bünövrəsinin qoyulması demək idi. Ümummilli Lider bu qərarı ilə Azərbaycan dilinə dövlət dili statusu qazandırmaqla, həm də xalqın milli kimliyinin hüquqi əsaslarla qorunmasına şərait yaratdı. Bu addım, gələcək müstəqil Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri oldu. Heydər Əliyev 2 aprel 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxışı zamanı 73-cü maddənin məhz bu redaksiyada təqdim olunmasını təklif etdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu təklif sessiyada qəbul olundu və Konstitusiyanın mətninə daxil edildi. Bu, həm də xalqın milli mənliyini qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan bir qərar idi.
Ulu Öndərin dil siyasəti yalnız 1978-ci ildəki təşəbbüslə yekunlaşmadı. Müstəqillik dövründə də Heydər Əliyev Azərbaycan dilinin inkişafı və qorunması üçün mühüm addımlar atdı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət dili ilə bağlı 21-ci maddədə “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması məhz Heydər Əliyevin təşəbbüsü ilə mümkün oldu. Bu maddə ilə dövlət dilinin hüquqi statusu müstəqil Azərbaycan dövləti tərəfindən təsbit olundu.
Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Onun fikrincə, bir xalqın milli-mənəvi dəyərlərinin yaşaması və inkişafı, ilk növbədə, onun dilinin qorunması və təbliğindən keçir. Ana dilinin müqəddəsliyi, dövlət rəmzləri olan himn, gerb və bayraqla eyni səviyyədə dəyərləndirilməli idi. Ulu Öndər gənclərə çağırış edirdi ki, xarici dilləri öyrənməklə yanaşı, ilk növbədə, Azərbaycan dilini dərindən mənimsəsinlər. Onun sözləri ilə desək, “Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”
2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla dövlət dilinin praktik tətbiqinin genişləndirilməsi, normativ-hüquqi mexanizmlərin formalaşdırılması üçün zəruri addımlar atıldı. Həmin sənədlə Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Komissiya dövlət dilinin qorunması, işlədilməsi və təbliği sahəsində əsas quruma çevrildi. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalandı və hər il avqustun 1-i bu gün kimi qeyd olunmağa başladı. Bu qərar cəmiyyətdə dilə olan münasibəti daha da gücləndirdi. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli-mədəni kimliyin daşıyıcısı kimi dəyərləndirilməyə başlandı.
2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu qanun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləməklə yanaşı, onun işlədilməsinin və inkişafının hüquqi bazasını da formalaşdırdı. Bu sənəd həmçinin dünya azərbaycanlılarının ana dili ilə milli-mədəni özünüifadə ehtiyaclarını qarşılamaq məqsədi daşıyırdı. Heydər Əliyev dilin zənginliyi, bədii ifadə imkanları və elmi-texniki inkişafı üçün əvəzsiz vasitə olduğunu hər zaman vurğulamışdır. Onun rəhbərliyi ilə dilçi alimlərə xüsusi diqqət göstərilmiş, milli dildə nəşrlərin sayı artırılmış, təhsil sahəsində ana dilində tədrisin əhatə dairəsi genişləndirilmişdir.
Bütün bu faktlar sübut edir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi tanınması, qorunması və inkişaf etdirilməsi sahəsində fəaliyyəti yalnız keçici siyasi qərarlarla məhdudlaşmayıb. Onun dil siyasəti milli ideologiyanın, milli şüurun əsas komponentinə çevrilmişdir. Bu siyasət bu gün də dövlət tərəfindən davam etdirilir və Azərbaycan dilinin beynəlxalq aləmdə tanınması istiqamətində əhəmiyyətli addımlar atılır.
Nəticə etibarı ilə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə atılan bu mühüm addım – Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması – xalqımızın milli özünüdərkinin və dövlətçilik düşüncəsinin təntənəsidir. Bu qərar, həmçinin müstəqil Azərbaycanın dil siyasətinin əsas sütunu kimi tarixə qızıl hərflərlə yazılmışdır.