Özbək, türkmən, uyğur, tatar, azər bir boydur; Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur

Özbək, türkmən, uyğur, tatar, azər bir boydur; Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur
Maqsud Əhmədov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin direktoru
Bu yazıma bütün türk xalqları arasında geniş yayılan, hətta dillər əzbəri olan "Ana yurd" marşının bu misraları ilə başlayıram: "Özbək, türkmən, uyğur, tatar, azər bir boydur; Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur". Bu misralar bizə təkrar-təkrar bütün türk xalqlarının qardaş və qohum olduqlarını, eyni soydan gəldiklərini xatırladır. Müasir dövrdə də birlik və harmoniya içərisində olmağın zəruriliyini vurğulayır.
Həm müstəqil türk dövlətləri, həm də dünyanın müxtəlif yerlərində yaşayan türk tayfaları heç vaxt bir-biriləri ilə bağlarını qoparmayıb, bütün çətinliklərə baxmayaraq bu mədəni birliklərini davam etdirmişlər. Ölkəmizin və Qazaxıstanın ənənəvi dostluq və qardaşlıq əlaqələri də bu baxımdan əsrlərə söykənir. Hər şeydən öncə bizi həm mühüm mənəvi dəyərlər, həm də ortaq etnik köklər, dil, tarix, din, mədəniyyət oxşarlığı kimi fundamental amillər birləşdirir.
Hələ Sovet İttifaqı dövründə möhkəm dostluq telləri ilə birləşən Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti - Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Və beləliklə, bu dostluq, qardaşlıq rəsmi şəkildə hər iki ölkədə öz layiqli yerini tapıb. 
Heydər Əliyevin siyasi müstəvidə təməlini qoyduğu bu dostluq münasibətlərini sonrakı dövrlərdə də İlham Əliyev layiqincə davam etdirmişdir. Belə ki günümüzdə, yəni aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, Astanada dövlət başçılarının geniş tərkibdə görüşü və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması bu əlaqələrin davamlı olmasını və özülünün möhkəm qurulmasını göstərir. Qarşılıqlı olaraq Qazax xalqının və hökumətinin bu mənəvi birliyə nə dərəcədə dəyər verdiyini göstərən faktlardan biri kimi deyə bilərik ki, Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adı verilmişdir. Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilməsi Qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir.
Həmçinin qeyd edək ki, Qazaxıstan bizim üçün şərəf məsələsi olan Qarabağ münaqişəsində də hər zaman Azərbaycanın haqq işini ,ədalətli mövqeyini dəstəkləmiş beynəlxalq münasibətlər sistemində də dost və qardaş ölkə olduğunu sübuta yetirmişdir. Bütün bu gedişat deməyə əsas verir ki, Azərbaycan dövləti ilə Qazaxıstan dövləti arasındakı əməkdaşlıq bundan sonrakı mərhələlərdə də yüksələn xətlə inkişaf edəcəkdir.