Belarus və Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu

Belarus və Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu

Kifayət Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin müəllimi

Belarusla Azərbaycan arasında sağlam münasibətlər tarixin sınaqlarından çıxmış və bu dövlət ən çətin anlarda ölkəmizin yanında olduğunu nümayiş etdirərək Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək verib.

Möhkəm təməllərə söykənən Azərbaycanla Belarus arasında olan münasibətlər dostluq və etibarlı tərəfdaşlıq prinsipləri üzərində bərqərar olub. Demək olar ki, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq daim yüksələn xətlə inkişaf edib. Həmçinin qarşılıqlı anlaşma, yüksək səviyyəli dialoq və səmimi dostluq ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həqiqətən də, bu gün Azərbaycanla Belarus bir-birinə güvənən, beynəlxalq arenada qarşılıqlı dəstək göstərən dost ölkələrdir. 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri Belarus və Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu. Olduqca zəngin gündəliyə malik bu səfər qarşılıqlı əlaqələrimizin inkişafında xüsusi rol oynayacaq. Əlaqələrin tarixi ənənələrə əsaslanması, hər iki ölkənin beynəlxalq müstəvidə daim bir-birilərinə dəstək olmaları, dövlət başçıları arasında yüksək siyasi dialoqun mövcudluğu Belarus-Azərbaycan münasibətlərini inkişaf dinamikasına öz müsbət təsirini göstərən önəmli faktorlardır.

Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı cənab Aleksandr Lukaşenkonun Ümummilli Liderimiz Heydər Əliyevi xatırlaması, 44 günlük Vətən müharibəsini azadlıq müharibəsi kimi dəyərləndirməsi, Qələbəmizi, Qarabağın dirçəldilməsini təqdir etməsi, həqiqətən də fəxr duyulası hisslərdir. Ümumiyyətlə, uzun illər davam etmiş Qarabağ münaqişəsi dostlarımızı müəyyənləşdirməkdə bizə çox kömək edib. Münaqişə zamanında, lap əvvəldən Belarus, şəxsən cənab Aleksandr Lukaşenko ədalətli mövqe sərgiləyib, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Dost ölkənin işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işinə öz köməyini təklif etməsi bu ədalətli siyasətin bilavasitə davamıdır.

Prezident İlham Əliyevin liderlik qabiliyyəti, qətiyyəti, əzmi, gücü sayəsində ard-arda əldə edilən siyasi, iqtisadi, hərbi zəfərlər Azərbaycanın beynəlxalq nüfuzunu daha yüksək zirvələrə ucaldıb. Bu gün təkcə regional deyil, qlobalmiqyaslı məsələlərdə də Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi və rəyi mütləq nəzərə alınır. Nəhəng ölkələrin prezidentləri belə dövlət başçısı İlham Əliyevin müdrik siyasətçi olduğunu dilə gətirirlər, Azərbaycan Prezidentinin nüfuzunun Cənubi Qafqazın sərhədlərini çoxdan aşaraq dünyaya çıxdığını etiraf edirlər.