Qəhrəmanlar Diyarı Qubadlı: Tarixi Zəfərdən Böyük Qayıdışa
Səidə İmanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycanın gözəl təbiətli, şanlı qəhrəmanlıq ənənələri ilə seçilən müqəddəs yurdu Qubadlı coğrafi məkan olaraq adı çəkiləndə, dərhal ağla bu yerin görkəmli insanları gəlir. Bu çox təbiidir, çünki bu diyarın insanları onun başlıca sərvətidir. Qubadlı mərd, istedadlı və zəhmətkeş insanların yurdudur. Hünərli xalqımızın qəhrəmanlıq tarixinə adını yazan Qaçaq Nəbi, Qaçaq Mehdi və Qoçaq Həcərin dastanı məhz bu torpaqlarda başlayıb. Bu qəhrəmanlıq nəsildən-nəslə keçərək yaşayır və "torpaq yetişdirir" kəlməsinin əsl nümunəsinə çevrilir.
1993-cü ildə işğal olunan Qubadlı uğrunda döyüşlərdə Birinci Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanı Əliyar Əliyevin adını çəkməmək olmaz. Eləcə də, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyini azad edən, İkinci Qarabağ müharibəsində isə qəhrəmancasına şəhid olan Milli Qəhrəman Şükür Həmidovun vətən sevgisi hər birimizə nümunədir. Bir sözlə, Qubadlının igid oğulları Azərbaycan tarixinə silinməz səhifələr yazıblar.
Yaşıl çətirli meşələri, zümzüməli bulaqları, uca dağları, Bərgüşad və Həkəri kimi gur çayları olan bu gözəl vətən torpağı 27 il ərzində düşmən vandalizminə və barbarlığına məruz qalmışdı. Lakin bu gün o, vətən həsrəti çəkən doğma Qubadlıların isti nəfəsi ilə isinir, yenidən qurulur, inkişaf edir və öz xoşbəxt günlərini yaşayır.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları tarixi Qələbə ilə nəticələndi. 25 oktyabr Qubadlının tarixinə azadlıq günü kimi həkk olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ile bu gün rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis edildi. 2020-ci il dekabrın 23-də isə dövlət başçısı Qubadlıda şanlı bayrağımızı ucaltdı.
Hazırda Qubadlıda böyük quruculuq və bərpa işləri həyata keçirilir, rayonun gələcək inkişafı üçün praktiki addımlar atılır. Azad edilmiş ərazilərdə artıq neçə-neçə müasir yarımstansiyalar inşa olunub. Növbəti 20 il ərzində şəhər əhalisinin sayının 14 min nəfərə çatdırılması nəzərdə tutulur.
Bu gün Qubadlının bərpasından danışırıqsa, bu, öncə yoldan başlayır. "Yol mədəniyyətdir" deyiblər. Zəngilan, Qubadlı və Laçın rayonlarından keçən, I və II texniki dərəcəli strateji Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla sürətlə inşa edilir və bölgənin nəqliyyat əlaqəsini yüksək səviyyədə təmin edir. Buradan da görünür ki, bütün yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır.
Qədim yaşayış məskənləri və tarixi abidələri ilə bu torpağın əsl sahibinin kim olduğunu sübut edən Qubadlı, öz zənginliyini gələcək nəsillərə ötürür. Vətənin hər daşının, qayasının, dağının və dərəsinin qədrini bilən insanlar əsl vətəndaşdır. Vətən insanın yaşadığı eldən, obadan başlayır. Onun qədrini bilən, bir qarışını belə düşmənə verməyən Azərbaycan oğulları, həmişə var olasınız!
Zəfər tariximizdən bu günə kimi azad olunmuş torpaqlarımızı gördükcə, onların dosta sevinc, düşmənə göz dağı olan yüksəlişinə və yeni abad simasına baxdıqca qürurlanır, sevinirik. Əminliklə demək olar ki, qədirbilən xalqımız bu Zəfər tarixini əbədi olaraq böyük şərəflə qeyd edəcək.
Bu gün Qubadlı azaddır və xoşbəxtdir! Onun düşmən tapdağından azad olunmasından artıq 6 il ötür. Yolundan infrastrukturuna qədər yenidən qurulan Qubadlı sakinlərinin tezliklə öz doğma yurdlarına dönərək əvvəlki şad-xürrəm günlərini bərəkətli torpaqlarında yenidən yaşayacaqlarına şübhə yoxdur. Artıq bu eli, bu obanı heç bir qüvvə doğma yurdundan didərgin sala bilməz. Belə güclü və qüdrətli bir dövlətin vətəndaşı olmaq hamımıza qürur verir.
Yaşasın Azərbaycan!