Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin əməkdaşı
SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycanın hüquqi dövlət quruculuğu və milli inkişaf yolunun formalaşması Ulu öndər Heydər Əliyevin xalqın təkidindən sonra ölkəyə rəhbərliyi dövrünə təsadüf edir. Məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi, demokratik, sivil dövlət quruculuğu yolunda qətiyyətli addımlar atıldı, mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edildi. Müdrik şəxsiyyət azərbaycançılıq ideologiyasının formalaşdırılması, milli adət-ənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoydu.
Məhz Ulu öndərin müdrikliyi sayəsində azərbaycançılıq ideologiyası mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər keçirdiyi görüşlərdə deyirdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”.
Ulu öndərin “Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir”.Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri qoruyub saxlamaq, o cümlədən onların ümumbəşəri dəyərlərlə inteqrasiyasından bəhrələnmək deməkdir. Azərbaycan xalqı əsrlər boyu öz tarixinə, milli ruhuna, milli adət- ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlayaraq nəsillərdən - nəsillərə yetirmişdir. Bu illər ərzində xalqımız başına gəlmiş bəlaların, müsibətlərin, hamısından öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Ulu öndər deyirdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə 18 oktyabr 1998-ci ildə keçirilmiş andiçmə mərasimindəki nitqində milli - mənəvi dəyərlərimizin qorunub saxlanılmasınıən vacibliyini diqqətə çatdıraraq demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir.
Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.