Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Vəfa Sarıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktor müavini
Tariximizdə elə mühüm günlər var ki, xalqımız bu günləri heç vaxt unutmur. Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü belə günlərdəndir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.
1993-cü ilin 15 iyun tarixində Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Azərbaycan kimi qədim dövlətçilik tarixinə, milli ruha malik xalqı uzun müddət tabeçilikdə saxlamağın, diktə siyasətini həyata keçirib, istismarçı sosial-iqtisadi sistemi qoruyub saxlamaqla milli bərabərsizliyi və zülmü təbliğ etməyin, anarxiya, qanunsuzluq, qardaş qırğınının mümkünsüzlüyünü məhz Qurtuluş Günü sübut etdi. Xalqımızın təkidli xahişlə heç kimə deyil, məhz Ulu Öndər Heydər Əliyevə müraciət etməsi, yalnız bu dahi şəxsiyyətə güvənməsi də Qurtuluş Gününün milli məsələ, qürur və ləyaqət məsələsi olduğundan xəbər verir. Bütün bu məfhumların simvolu isə dahi şəxsiyyət, məhz xalq qarşısında etdiyi əməllərə görə ümummilli lider adını özü qazanan Heydər Əliyevdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və uğurlu antiterror əməliyyatı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Zəfərə gedən yolda ilk addımlar məhz 1993-cü ilin 15 iyununda atılmışdı. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu, həm də Azərbaycan xalqının zəfər tarixidir.