Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Misirlə Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən başlayıb. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə Ulu öndər Misirə səfər edərək bir çox mühüm görüşlər keçirmiş və həmin görüşdə hər iki ölkə üçün önəmli sənədlər imzalanmışdı.
Sonrakı dövrlərdə hər iki ölkə prezidentləri qarşılıqlı səfərlər ediblər 2007-ci ildə cənab prezidentin Misirə səfəri baş tutmuşdu. Bu səfər də olduqca mühim xarakter daşıyırdı. Eyni zamanda biz xatırlayırıq ki, bir il öncə Misir prezidentinin də Azərbaycana səfəri baş tutmuşdu.
Azərbaycanın dövlət başçısının mətbuat konfransı zamanı qeyd etdiyi kimi, son vaxtlar Azərbaycan və Ermənistan, dövlət sərhədlərinin müəyyənləşdirilməsində müəyyən irəliləyişlər əldə ediblər. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli bir neçə səbəbə görə Misirin maraqlarına cavab verir.
Misir Yaxın Şərq və Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır. Münaqişənin həlli gərginliyi azaltmağa və təhlükəsizliyin yaxşılaşdırılmasına kömək edir ki, bu da regional və beynəlxalq sabitlik üçün vacibdir. Regionda sülh müştərək infrastruktur layihələri, nəqliyyat dəhlizləri və Misir də daxil olmaqla, bütün iştirakçı ölkələrin iqtisadi artımına töhfə verə biləcək digər təşəbbüslər üçün imkanlar açır.
Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.