Xalqımızın Ümummili lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il 31 mart-Azərbaycanlıların Soyqırımı Günü geniş qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd, soyqırıma məruz qalmış günahsız insanların xatirəsini yad etmək, uzun illər obyektiv qiymətini almamış tariximizin təhrif olunmuş hadisələrinə nəzər salıb, nəticələr çıxarmaq və gələcək üçün vəzifələr müəyyən etməkdən ibarətdir. Tarixi araşdırmalar göstərir ki, ermənilər xarici havadarlarının köməyi ilə təkcə XX əsrdə xalqımıza qarşı dörd mərhələdə soyqırımlar törətmişlər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləməyə və deportasiyaya məruz qalmış, milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilmiş, düşmən tarixi torpaqlarımız hesabına ərazilərini genişləndirməyə nail olmuşlar.
1917-ci il oktyabr çevrilişindən sonra azərbaycanlılara qarşı soyqırım planını reallaşdırmağa başlayan ermənilər “əks-inqilabçılarla mübarizə” şüarı altında 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyası ərazisində, Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan edib. Qarabağ, Zəngəzur, Naxçıvan, Salyan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar həyata keçirib, əhaliyə divan tutublar.1918-ci ilin mart-aprel aylarında ermənilər ümumilikdə 50 min azərbaycanlını, 30 mindən çox soydaşımızı xüsusi amansızlıqla qətlə yetirib, 10 minlərlə insanı doğma yurdlarından qovub, evlərini yandırıb, mill-mədəni abidlərimizi məhv ediblər. Ermənilər tərəfindən Şamaxı qəzasının 58 kəndi, Quba qəzasının 122 kəndi, İrəvan quberniyasının 24 kəndi, Qars vilayətinin 92 kəndi yerlə-yeksan edilib. İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfər olduğu halda 1922-ci ildə 70 min nəfərə endirilmişdir.
1988-1990-cı illərdə də ermənilər 200 min nəfərdən artıq azərbaycanlını öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən insanlığa yaraşmayan vəhşiliklərlə qovub çıxardılar. Sumqayıtda, Bakıda qırğınlar törətdilər. 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız, dinc sakinləri qətlə yetirən silahlı qoşun birləşmələrinin tərkibi də əsasən ermənilərdən ibarət idi.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım, deportasiya və hərbi təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. Ən dəhşətlisi odur ki, ermənilər 2 milyondan artıq azərbaycanlını soyqırım siyasəti nəticəsində qətlə yetirdikləri halda, 100 ildən artıqdır ki, dünya ictimaiyyətinə “türklər tərəfindən erməni genosidi” haqqında böhtan dolu yalanlar uydururlar.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara hələ Azərbaycan Xalq Cumhuriyyəti dövründə siyasi qiymət vermək üçün cəhd edilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmiş azərbaycanlıların soyqırımı faciəsinin təhlili məqsədilə fövqəladə istintaq komissiyası yaradılmış, soyqırımın miqyasını və dəhşətlərini əks etdirən kifayət qədər faktlar, materiallar toplanmışdır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i ölkəmizdə ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməmişdir. Ermənilərin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları Qubada və digər ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar bir daha təsdiq edir.
Həmin materialların dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində tədbirlər bu gün də davam etdirilir. Nəhayət görülən işlər, ardıcıl həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Ötən ilin sentyabr ayının 27-də ermənilərin növbəti təxribatlarına və təcavüzünə cavab verən Müzəffər Ordumuz Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Xalqımızın əldə etdiyi bu Tarixi Qələbə şəhidlərimizin ruhunu şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir. Allah soyqırım qurbanlarına, bütün şəhidlərimizə rəhmət eləsin.