İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi

Yeganə Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin müəllimi

 “İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik." Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik”, - deyə dövlətimizin başçısı bildirib.

Bəli, Prezident İlham Əliyev yeni quruculuq mərhələsinin banisidir. Azərbaycanı bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkələrindən biridir. Prezident İlham Əliyevin uzaq görən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin pozulmuş ərazi bütövlüyünün bərpasıdır. Buna görə də hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi,  o da işğal altında olan torpaqlarımızın  düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Prezident İlham Əliyev siyasi hakimiyyətinin ilk günündən ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridib. Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışıb.

"Dünya üçün bu böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Azərbaycan qüdrətli dövlətdir. Bu məsəslələri həll etmək imkanımız genişdir. Əminik ki, dövlətimiz Prezidentimizin sayəsində getdikcə daha da güclənəcək.