Arzu Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Müasir və müstəqil Azərbaycanın dövlət quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 2001-ci ildə dahi siyasətçinin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilib. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır”.
Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə dünya azərbaycanlılarının daha üç qurultayı keçirildi. Bu qurultayların hər birinin xalqımızın çağdaş tarixində öz yeri var. Bu gün Şuşada keçirilən V Qurultayın isə xüsusi ilə əhəmiyyəti böyükdü, yəni Vətən müharibəsində qazandığımız tarixi zəfərdən sonrakı dövrdə təşkil olunur. Əlbətdə, möhtəşəm tarixi qurultayın adının “Zəfər Qurultayı” adlandırılması təsadüfi deyildir.
Ordu quruculuğunun əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ordu quruculuğu daha da sürətlə irəliyə aparılmışdır. Buna görə də, Azərbaycan müasir orduya malik olmuşdur. Gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunmuşdur. Müstəqillik dövründə yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Biz şəhidlərimizin qisasını döyüş meydanında düşməndən aldıq. Onların qanı yerdə qalmadı. Bu, onların yaxınları üçün, bütün Azərbaycan üçün təsəlli oldu.
Azərbaycan ədaləti bərpa etdi, beynəxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt işğalla barışmaq fikrində deyilik. Cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, “Biz qüvvəmizi sübut etmişik və ölümə getməyə də hazırıq, öldü var, döndü yoxdur”. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda anadan olmamışdı, bu diyarı görməmişdi, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı.
Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır. Müasir üsullarla müharibə apardıq və cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə məhv etdik. Biz təkcə Ermənistanla müharibə aparmamışıq, həm də Ermənistanın himayədarları ilə müharibə apardıq və bu müharibədə qələbə qazandıq. Biz bu müharibəni ləyaqətlə aparmışıq. Bizim tarixi qələbəmiz dünya dövlətləri üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, dünya dövlətlərinin rəhbərləri elə zənn edirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Dünyada erməni dövlətçiliyi güclüdür. Qarabağın hər bir qarış torpağında minalar yerləşdirilib. Ermənistan 30 il ərzində işğal olunmuş torpaqlarda istehkamlar qurmuşdur. Lakin biz bu mifləri darmadağın etdik. Faşizmi məhv etdik və Cənubi Qafqazı faşizmdən xilas etdik.
Ulu Öndərimizin arzusu gerçəyə çevrildi. Bu günün reallığı dövlət başçımızın öz sözündə, vədində qəti olması, üzərinə götürdüyü bütün öhdəlikləri, vədləri həmişə yerinə yetirdiyini əyani şəkildə sübut edir. Şuşada keçirilən Zəfər Qurultayı qələbəmizin növbəti təntənəsi oldu. Vətən müharibəsində tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi rəmzi məna daşıyır. Hələ 30 illik işğal dövründə və 44 günlük müharibə zamanı xaricdə yaşayan milyonlarla azərbaycanlı, Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var. Çünki müharibə başa çatsa da, Azərbaycana qarşı olan əsassız iddialar hələ də davam edir.
Zəfər qurultayında iştirak etmək üçün Zəfər yolu ilə Şuşaya gedən soydaşlarımız yolboyu erməni vandalizminin şahidi oldular. Şuşa da daxil olmaqla ermənilərin 30 il ərzində işğal etdiyi ərazilərdə yaratdığı acınacaqlı vəziyyət, törətdikləri talançılıq, barbarlıq bir daha onu göstərir ki, bu ərazilər heç vaxt onlara məxsus olmayıb. Onların bu ərazilərdə əbədi qalacaqlarına ümidləri də olmayıb, ona görə yalnız dağıtmaq və talamaqla məşğul olublar. Bu gün həmin ərazilərə gedən hər bir şəxs ermənilərin faşist əməllərinin şahidi olur.
Dövlətimizin başçısı cənab İlham Əliyev regionda hazırkı proseslərdən də ətraflı danışıb və bildirib ki, Azərbaycan Ermənistana beş bənddən ibarət sülh sazişi təklif edib. Ermənistanda mövcud olan revanşist qüvvələr bilməlidirlər ki, bu Ermənistan üçün yeganə çıxış yoludur. Cənab Prezident qeyd etdi ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. Düşünürəm ki, erməni tərəfi dövlət başçımızın bu xəbərdarlığından düzgün nəticə çıxaracaqdır.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi, dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu böyük xoşbəxtlikdir. Azərbaycan vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar üçün öz tarixi torpaqları ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mədəni irsin qorunub saxlanılması, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından bu mühüm əhəmiyyət kəsb edir. 30 il tarixi torpaqlarımızın işğal altında olmasından mənəvi əziyyət çəkən dünya azərbaycanlıları, bu gün yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və tarixi vətəni olan Azərbaycanla fəxr edirlər.