Yeni Azərbaycan Partiyasının təsis edilməsi mühum tarixi hadisədir

Yeni Azərbaycan Partiyasının təsis edilməsi mühum tarixi hadisədir

Günay Mustafayeva 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Belə ki, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Müstəqilliyimizin bərpasını yenicə elan etdiyimiz vaxtda ərazilərimizin ardıcıl olaraq Ermənistan silahlı qüvvələri tərəfindən zorla işğalı, dərin iqtisadi-siyasi böhran və xaos, əhalinin sosial durumunun getdikcə ağırlaşması ölkədə həyatı iflic vəziyyətinə salmışdı.

1988-ci ildən siyasi partiyaların təsis prosesi başlamış, 1990-cı illərin əvvəllərində bəzi siyasi partiyalar yaradılmışdır. Həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da, onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında xalqın ümumi mənafeyi naminə birlik yox idi. Xalqın bu siyasi təşkilatlara və onların liderinə heç bir inamı qalmamışdı və ölkədə xaos baş alıb gedirdi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu lider isə həmin dövrdə Azərbaycan xalqının böyük oğlu, dünyaşöhrətli, tanınmış siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev idi.

1990-cı ilin iyulunda Heydər Əliyev Moskvadan Bakıya qayıtdıqdan cəmi iki gün sonra ölkə rəhbərliyinin təzyiqləri səbəbi ilə paytaxtı tərk edərək Naxçıvana üz tutdu. Həmin ilin avqust ayında isə həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Heydər Əliyevin Naxçıvana gəlişi ilə Azərbaycan xalqının milli azadlıq hərəkatının mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu Bütün bu proseslər Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi ziyalılar Heydər Əliyevin ətrafında cəm oldular.

Ölkənin düşdüyü çətin vəziyyəti nəzərə alaraq 1992-ci il oktyabrın 16-da respublikamızın 91 tanınmış ziyalısı "Əlincə" cəmiyyətinin nəşr etdirdiyi "Səs" qəzeti vasitəsilə Ulu Öndərə "Azərbaycan Sizin sözünüzü gözləyir" - deyə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün xalqı, sağlam düşüncəli bütün qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi ümumxalq partiyasının yaradılması və ona rəhbərlik etməsi məsələsinə münasibət bildirməyi Heydər Əliyevdən xahiş edirdilər. Ümummilli lider Heydər Əliyev isə ziyalılara 1992-ci il 24 oktyabr tarixində "Yeni müstəqil Azərbaycan uğrunda" çağırışı ilə başlayan cavab verdi. O cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.

Bakı şəhərində partiyaya qurultay keçirməyə yer və imkan verilmədi. Odur ki, ölkənin dörd bir yanından Naxçıvan şəhərinə axışan ziyalılar, partiya qurucuları soyuq və şaxtalı 21 noyabr günündə Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı təsis etdilər. YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində partiyanın sıraları genişləndi. Partiya Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı.

YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi.  Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə ümumxalq partiyasının sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bu gün Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. 

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və bununla da YAP iqtidar partiyası kimi özünü təsdiq etdi. Partiya “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə başladı. Üzvlərinin sayı sürətlə artan YAP aparıcı siyasi partiya kimi respublikanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdi.

Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Həmçinin müstəqilliyin qorunub saxlanılması və ərazi bütövlüyünün təmin edilməsi məqsədiylə ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr reallaşdırıldı. 1994-cü il sentyabrın 20-də Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında “Əsrin müqaviləsi” imzalandı. Müqavilə çərçivəsində regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsinə başlanıldı. Heydər Əliyev yolu siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışlar sistemidir. Hazırda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Bunun nəticəsi olaraq bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir.

Prezident İlham Əliyevin apardığı siyasət ətrafında xalqımızın sıx birləşməsi, ölkəmizin davamlı inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğu sahəsindəki uğurlarımız Vətən müharibəsində Azərbaycanın şanlı qələbə qazanmasını təmin etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.