AZƏRBAYCANIN İNVESTİSİYA POTENSİALI VƏ REGİONAL İQTİSADİ ƏMƏKDAŞLIĞIN YENİ İSTİQAMƏTLƏRİ
Yasin Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Müasir dövrdə beynəlxalq investisiyalar dövlətlərin iqtisadi inkişafının mühüm amillərindən biri hesab olunur. Qlobal iqtisadi münasibətlərdə baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması və yeni nəqliyyat-enerji marşrutlarının yaranması investisiya siyasətinin əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və regional layihələrdə iştirakı ölkənin beynəlxalq investorlar üçün əhəmiyyətini artıran amillər sırasındadır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu istiqamətdə beynəlxalq dialoqun inkişafına xidmət edən platformalardan biri olmuşdur.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” olmuşdur. Mövzu müasir qlobal iqtisadi proseslər fonunda investisiya sabitliyi, regional əlaqəlilik və etibarlı iqtisadi tərəfdaşlıq məsələlərinin aktuallığını əks etdirir. Forumda müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, maliyyə institutları, investorlar və aparıcı şirkətlərin nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində Azərbaycanın investisiya imkanlarının təqdim olunması və yeni iqtisadi tərəfdaşlıqların yaradılması əsas istiqamətlərdən biri olmuşdur. Forumda 70 ölkədən 803 xarici nümayəndə də daxil olmaqla, 3000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin geniş beynəlxalq miqyasını göstərir.
Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik.
Azərbaycanın investisiya potensialı uzun müddət enerji sektoru ilə sıx bağlı olsa da, son illərdə iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın coğrafi mövqeyi ölkəyə Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika bağlantılarından istifadə etmək imkanı yaradır. Nəqliyyat infrastrukturu, enerji layihələri, rəqəmsal iqtisadiyyat və yeni texnologiyalar investisiya üçün perspektivli istiqamətlər kimi çıxış edir. Prezidentin forum iştirakçılarına müraciətində investisiyalara yanaşmanın yalnız kapital cəlb edilməsi ilə məhdudlaşmadığı, texnologiya, təcrübə, innovasiya və yeni bazarlara çıxışın da mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın sadəcə regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş və strateji logistik qovşaq olduğunu bir daha sübut etdi. Parçalanmış dünyanın iqtisadi körpülərini yenidən qurmağa hədəflənən bu tədbir, ölkənin neftdən asılılığı azaldaraq rəqəmsal gələcəyə, innovasiyalara və yaşıl enerjiyə doğru atdığı qətiyyətli addımların göstəricisidir. 2030-cu ilə qədər daşımaların həcmini 25 milyon tona çatdırmaq hədəfi və investorlara yalnız kapital deyil, həm də texnoloji ekosistem təklif olunması, Azərbaycanın qlobal iqtisadiyyatdakı mövqeyini uzunmüddətli və dayanıqlı şəkildə gücləndirəcəkdir.