YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
12 oktyabr 2026-cı il tarixində Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi 36 ünvanında yerləşən Ərazi Partiya Təşkilatlarında (Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbələri) növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Yerli təşkilatın sədri qürur hissi ilə bildirib ki, Suraxanı rayonunda yaşayan şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları məhz Yeni Azərbaycan Partiyasına üzv olaraq onun siyasi xəttini dəstəkləyirlər.
Vüqar Seyidov bildirmişdir ki, partiyamızın Sədri cənab İlham Əliyevin qarşımıza qoyduğu yeni strateji vəzifələri tam şəkildə mənimsəyir, aydın dərk edir və onların icrası üçün ali öhdəlikləri üzərimizə böyük məsuliyyətlə götürürük. Bizə tamamilə aydındır ki, ideoloji təhlükəsizlikdə ön cəbhə olmalıyıq. Rəqəmsal manipulyasiyalar, kiberhücumlar, sosial şəbəkələrdəki saxta kampaniyalar və süni intellekt əsrində sərhəd tanımayan ideoloji təxribatların qarşısının alınmasında YAP Suraxanı rayon təşkilatının partiya fəalları olaraq hər an ayıq-sayıq olmalı, yad təsirlərə qarşı dahi liderimizin göstərdiyi yollarla qətiyyətli mübarizə aparmalıyıq.
Daha sonra çıxış edən Ərazi Partiya Təşkilatlarının sədrləri Nəsibə Əliyeva (Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri), Eldar Rüstəmov (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri), həmçinin şəhid anaları Arzu Qəhrəmanova və Sevinc Cəlilova Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyin və cənab Prezidentin polad iradəsinin gələcək uğurlarımızın ən böyük təminatı olduğunu vurğulayıblar.
Çıxış edənlər yolumuzun müstəqil, suveren və güclü Azərbaycanın işıqlı gələcəyi olduğunu bildirərək, şəhid ailələrinin bu günə qədər olduğu kimi, bundan sonra da Yeni Azərbaycan Partiyasının və onun müdrik rəhbəri cənab İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi sıx birləşdiklərini bəyan ediblər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.