Xarici Diplomatların Qarabağ Səfəri: İrəvanın Qeyri-səmimi Sülh gündəliyi

Xarici Diplomatların Qarabağ Səfəri: İrəvanın Qeyri-səmimi Sülh gündəliyi

Qızxanım Rəhmanova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, Gigiyena və  Epidemiologiya Mərkəzinin məsul əməkdaşı

Cənubi Qafqazda 2020 və 2023-cü illərin tarixi reallıqlarından sonra regionun yeni geosiyasi mənzərəsi formalaşıb. Bu mənzərənin ən mühüm elementlərindən biri Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, beynəlxalq birliyin isə bu faktı birmənalı şəkildə qəbul etməsidir. Bu günlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri bu qəbulun ən bariz və əyani nümayişi oldu. Lakin bu humanitar və rəsmi addıma Ermənistanın göstərdiyi isterik reaksiya rəsmi İrəvanın sülh prosesində nə dərəcədə qeyri-səmimi olduğunu bir daha ortaya qoydu.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Müstəqil bir dövlətin öz suveren torpaqlarında xarici diplomatların hərəkətini təşkil etməsi, onları aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və "Ağıllı kənd" layihələri ilə tanış etməsi tamamilə Azərbaycanın daxili işidir.

Ermənistan cəmiyyətinin və rəsmi dairələrinin xarici diplomatları bu rəsmi addımlarına görə hədəfə alması, sosial şəbəkələrdə onlara qarşı "linç" kampaniyası yürütməsi heç bir hüquqi və mənəvi çərçivəyə sığmır. Bu cür yanaşma, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə verdiyi bəyanatların sadəcə manipulyasiya xarakteri taşıdığını və İrəvanın hələ də qonşu dövlətin daxili işlərinə müdaxilə etmək ambisiyasından əl çəkmədiyini göstərir.

Ermənistanın sülh ritorikasının arxasında gizlənən ideoloji fon köklü dözümsüzlük və ksenofobiya prinsiplərinə əsaslanır. Bu gün erməni cəmiyyətində belə bir absurd və birtərəfli narrativ hakimdir: guya Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb, müasir Ermənistan ərazisində isə azərbaycanlılar heç vaxt mövcud olmayıb.

Təhlillər göstərir ki, xarici diplomatlara qarşı başladılan nifrət kampaniyası sadəcə marjinal müxalif qrupların fəaliyyəti deyil. Bu proses birbaşa Ermənistan hakimiyyətinin dirijorluğu ilə idarə olunur. Hakim partiyaya yaxın media resurslarında bu mövzunun qəsdən alovlandırılması, həmçinin Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın Azərbaycanın suveren hüquqlarını hədəf alan açıqlamaları rəsmi İrəvanın destruktiv mövqeyini ifşa edir.

2023-cü ilin tarixi reallıqlarından sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti, bu cür kampaniyalarla sülh prosesini qəsdən manipulyasiya edir və ləngidir. Parlament kürsüsündən revanşizm əhval-ruhiyyəsinin rəsmən dəstəklənməsi regionda etimad mühitinin qurulmasına ən böyük zərbədir.

Ermənistan həm cəmiyyət, həm də dövlət olaraq anlamalıdır ki, revanşist xəyallarla, nifrət və tarixi saxtakarlıq kampaniyaları ilə bölgədə sabitliyə nail olmaq qeyri-mümkündür. Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycan öz torpaqlarında istənilən beynəlxalq missiyanı qəbul etmək hüququna malikdir.

Cənubi Qafqazın gələcəyi süni gərginlik yaratmaqda deyil, beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətdədir. İrəvan illüziyalardan ayılmalı və real sülh gündəliyinə uyğun addımlar atmalıdır.

 

Paylaş