YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

21 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (278 nömrəli tam orta ümumtəhsil məktəbi) keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Ərazi Partiya Təşkilatının (ƏPT) sədri, məktəbin direktoru Sevinc Hüseynova və partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ƏPT sədri Sevinc Hüseynova çıxış edərək bildirib ki, dövlət başçısının gənclərin milli ideologiya əsasında yetişdirilməsi ilə bağlı göstərişləri sıradan bir çağırış deyil, strateji bir zərurətdir. Bu yanaşma qloballaşan dünyanın fonunda yad mədəniyyətlərin mənfi təsirlərini neytrallaşdırmaq və ölkənin gələcək kapitalını öz köklərinə bağlı şəkildə formalaşdırmaq məqsədi daşıyır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Kürsüm Həsənova vurğulayıb ki, ölkə rəhbərinin YAP-ın VIII Qurultayındakı gənclərlə bağlı siyasətində milli tərbiyə xüsusi bir milli təhlükəsizlik qalxanı rolunu oynayır. Qloballaşmanın gətirdiyi mədəni assimilyasiya təhlükəsinə qarşı dayanıqlı olmaq üçün gənc nəslin öz tarixinə və köklərinə bağlı böyüməsi ölkənin gələcək müstəqilliyinin təminatıdır.

Görüşdə çıxış edənlər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum deyil, o, müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrilmişdir.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Paylaş