Xankəndi yenidən doğulur

Xankəndi yenidən doğulur

Gülnarə Vəliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi dərnək rəhbəri

Azərbaycanın ayrılmaz guşəsi, Qarabağın tacı olan Xankəndi şəhəri bu gün özünün ikinci baharını yaşayır. Uzun illər davam edən işğaldan sonra şəhərin hər bir küçəsi, hər bir binası dövlətimizin qüdrəti və xalqımızın sevgisi ilə yenidən canlanır. Bu dirçəliş sadəcə bir şəhərin bərpası deyil, həm də milli qürurumuzun, ərazi bütövlüyümüzün və suverenliyimizin əbədi təntənəsidir.

Xankəndinin yeni tarixi 15 oktyabr 2023-cü il tarixində yazılmağa başladı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaltdı. Bu tarixi addım şəhərin əbədi olaraq öz doğma sahiblərinə qayıtdığının elanı idi. Çox keçmədən, 8 noyabr 2023-cü ildə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümü münasibətilə şəhərdə keçirilən möhtəşəm hərbi parad Xankəndinin suverenliyimizin mərkəzinə çevrildiyini bütün dünyaya nümayiş etdirdi.

Şəhərin ictimai-siyasi həyatında daha bir tarixi addım isə 7 fevral 2024-cü ildə atıldı. Növbədənkənar prezident seçkiləri zamanı dövlət başçısı və ailə üzvlərinin məhz Xankəndidə səs verməsi, şəhərin hüquqi və siyasi statusunun sarsılmazlığını bir daha təsdiqlədi.

Xankəndi artıq həm də böyük tədbirlərin, idman və mədəniyyət bayramlarının ünvanıdır. 21 dekabr 2023-cü ildə şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında keçirilən futbol oyunu regiona idman ruhunu və coşqusunu geri qaytardı. Həmin gün həm də ilin idman yekunlarına həsr olunmuş mərasimlə yadda qaldı.

8 mart 2024-cü il tarixindən bu yana Xankəndidə alovlandırılan Novruz tonqalı çoxillik həsrətə son qoyaraq, torpaqlarımıza sülhün, bərəkətin və ruzi-bərəkətin rəmzi kimi şölə saçdı. Bu gün Xankəndi və onun Kərkicahan qəsəbəsi böyük tikinti meydançasını xatırladır. Görülən işlər təhsil, mədəniyyət və turizmin inkişafına yönəlib.

Gələcəyin mütəxəssislərini yetişdirən Qarabağ Universiteti və onun müasir tələbə yataqxanası, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası təmirdən sonra qapılarını gənc nəslin üzünə açıb.

Zəfər meydanında Konqres Mərkəzi şəhərin gələcək beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyindən xəbər verir. Əsaslı təmir və bərpadan sonra istifadəyə verilən “Qarabağ”, “Palace” və bərpa işləri sürətlə davam edən “Bulud” hotelləri şəhərin turizm potensialını artırır. Xankəndi Dövlət Dram Teatrının binasında planlaşdırılan yenidənqurma işləri isə şəhərin mədəni həyatını yenidən alovlandıracaq.

Bütün bu quruculuq işlərinin ən ali məqsədi sakinlərinin öz doğma yurdlarına təhlükəsiz və rahat qayıdışını təmin etməkdir. 17 avqust 2026-cı il tarixinə olan ən son məlumatlar göstərir ki, artıq Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahan qəsəbəsində isə 43 ailə (174 nəfər) olmaqla, ümumilikdə 119 ailə, 506 nəfər öz doğma ocağında məskunlaşıb.

Xankəndi şəhəri günü və bura keçirilən hər bir səfər azad edilmiş ərazilərdə həyatın tədricən necə sürətlə bərpa olunduğunun, hər bir daşın, hər bir küçənin yenidən doğulduğunun canlı sübutudur. Qarabağın qəlbi olan Xankəndi, artıq həm də Azərbaycanın parlaq gələcəyinin və inkişafının simvoludur.

 

Paylaş