YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Növbəti belə görüş Qaraçuxur qəsəbəsi Yeni Günəşli “Q” yaşayış sahəsi Samir Cəfərov küçəsi 165 ünvanında yerləşən ərazi partiya təşkilatında (285 nömrəli tam orta ümumtəhsil məktəbi) keçirilib.

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 285 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nuranə Yəhyayeva bildirib ki, Dövlət müstəqilliyi, milli maraqlar, iqtisadi dayanıqlılıq və güclü müdafiə potensialı bir-birini tamamlayan strateji istiqamətlərdir. Ölkə başçısının qurultaydakı çıxışında da vurğulandığı kimi, taktiki vəzifələr dəyişə bilər, lakin dövlətçiliyin əsasını təşkil edən prinsiplər öz mahiyyətini qoruyur.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin mühafizəsi və hərbi imkanlarla ölçülmür. İnformasiya müharibələri, rəqəmsal platformalar üzərindən yayılan manipulyasiyalar və cəmiyyətlərin ictimai şüuruna təsir göstərmək cəhdləri ideoloji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm istiqamətlərindən birinə çevirib. Ölkə başçısının VIII Qurultaydakı çıxışında ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsi bu baxımdan mühüm siyasi mesajdır. Dövlətin əldə etdiyi uğurların qorunması üçün cəmiyyətin həmin uğurların mahiyyətini dərk etməsi, tarixi həqiqətlərə bələd olması və informasiya məkanında baş verən prosesləri düzgün qiymətləndirməsi vacibdir.

Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 285 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Aybəniz Rüstəmova qeyd edib ki, gənc nəslin dövlətçilik düşüncəsi ilə formalaşması strateji məsələdir. Gənclər tarixi hadisələri, ölkənin inkişaf yolunu və müasir dünyanın siyasi proseslərini nə qədər dərindən mənimsəsələr, informasiya təxribatlarına qarşı bir o qədər dayanıqlı mövqe nümayiş etdirərlər. Bu baxımdan milli ideoloji mühitin gücləndirilməsi gələcək nəsillərin intellektual və vətəndaşlıq potensialına qoyulan sərmayədir.

 Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.

Paylaş