YAP Suraxanı rayon təşkilatı aktrisa Sovqat Səmədovanı 80 illik yubileyi münasibəti ilə təbrik etmişdir

YAP Suraxanı rayon təşkilatı aktrisa Sovqat Səmədovanı 80 illik yubileyi münasibəti ilə təbrik etmişdir

Bakı Uşaq və Gənclər Teatrı növbəti teatr mövsümünün bağlanışını Azərbaycan Xalq nağılı əsasında hazırlanan "Göyçək Fatma" tamaşası ilə reallaşdırıb. Səhnə əsəri uzun illər Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş, 2013-cü ildən isə bu teatrın aparıcı aktrisalarından olan Sovqat Səmədovanın 80 illik yubileyinə həsr olunub. Teatrın müvəqqəti yerləşdiyi Qurban Abbasov adına mədəniyyət sarayında baş tutan tədbirdə, Respublikanın Əməkdar artisti İntiqam Soltanın quruluş verdiyi tamaşadan öncə rəsmi hissə təşkil edilib. Aparıcı Mehman Piriyev gələn qonaqları tamaşaçılara təqdim etdikdən sonra aktrisanın həyat və yaradıcılıq yolundan bəhs edən geniş videorolik nümayiş olunub.

Tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri, Respublikanın Əməkdar artisti İntiqam Soltan yubilyarı təbrik edərək ona teatrın Fəxri Fərmanını təqdim edib. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək sənətkara ittifaqın "Teatr fədaisi" medalını təqdim edib. Qonaqlar arasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov və ittifaqın nümayəndəsi Elmira xanım Kərimova da yer alaraq yubilyarı xoş sözlərlə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək qonaqları yerli təşkilat adından salamlayaraq, 80 illik yubileyini qeyd edən qocaman aktrisa Sovqat Səmədovanı təbrik etmiş, ona yaradıcılıq uğurları arzu etmişdir. Ənvər Haqverdiyev YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun səmimi salamlarını və xoş arzularını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Rəsmi hissənin ardından təqdim olunan "Göyçək Fatma" tamaşasında yubilyar Sovqat Səmədova "Nənə" obrazı ilə səhnəyə çıxıb. Tamaşada həmçinin Niyaz İlyasoğlu, Könül Şahbazova, Fatimə Qasımova, Qurban Əhmədov, Niyaz Novruzov, Fidan Əliyeva, Aytən Səfərova, Emin Balayev, Gülər Məhərrəmova, Səbinə Hüseynova və Fatimə İsayeva rol alıblar. Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.