YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər davam edir
22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirir.
Növbəti belə tədbir Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi 41 ünvanında yerləşən Ərazi partiya təşkilatında (146 nömrəli tam orta ümumtəhsil məktəbi) keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, ƏPT-nin sədri, 146 nömrəli tam orta məktəbin direktoru Qasım Qasımov, Qaraçuxur qəsəbəsi, Məktəbli küçəsi 7 ünvanında yerləşən ƏPT-nin sədri, 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova və hər iki ərazi partiya təşkilatının fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri Qasım Qasımov bildirib ki, VII və VIII qurultaylar arasındakı dövrdə partiyaya 100 minə yaxın yeni üzvün qoşulması YAP-ın cəmiyyətdəki aparıcı rolunu və xalq-iqtidar birliyini növbəti mərhələ üçün daha da möhkəmləndirib.
Daxili siyasi reallıqlardan bəhs edən 141 nömrəli məktəbin direktoru, ƏPT sədri Fərəh Hüseynova vurğulayıb ki, VIII Qurultay partiyadaxili hesabat formatından çıxaraq, Azərbaycanın postmünaqişə dövründəki milli gücünü və gələcək dövlətçilik strategiyasını nümayiş etdirən ümummilli bir platformaya çevrilib.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Kürsüm Həsənova qeyd edib ki, partiyanın strateji fəaliyyətində əsas xətt cəmiyyətin, xüsusilə gənc nəslin kənar informasiya təhdidlərindən və yad ideologiyalardan qorunmasıdır. Bu məqsədlə partiya strukturlarının qarşısına milli-mənəvi dəyərlərin, dövlətçilik prinsiplərinin və vətənpərvərlik ideyalarının təbliği istiqamətində fəaliyyəti daha da təkmilləşdirmək vəzifəsi qoyulub.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini diqqətə çatdırıblar.