Xalqımız və dövlətimiz müharibədən sonra da öz qəhrəmanlarını unutmadı

Xalqımız və dövlətimiz müharibədən sonra da öz qəhrəmanlarını unutmadı

Nizami Niftiyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 196 nömrəli tam orta məktəbin direktoru

2020 - ci il 12-14 iyul tarixlərində ermənilərin Tovuz istiqamətində Azərbaycana qarşı hücumların qarşısını alarkən 12 hərbi qulluqçumuz şəhid oldu. Bunların içərisində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var idi.

Bu Azərbaycan xalqının səbrinin son həddi oldu. Azərbaycanın qəhrəman oğul və qızları meydanlara çıxaraq şəhidlərimizin qisasını almağı tələb etdilər. Minlərlə könüllü cəbhəyə getmək üçün, hərbi komissarlıqlara müraciət etdi.

Ermənistanın yeni təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusu Qarabağda əks hücuma keçdi. Bununla da II Qarabağ - Vətən müharibəsi başladı. Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistan və onun havadarlarının biyabırcasına məğlubiyyəti ilə bitdi.

Noyabrın 8-də Şuşanın alınmasından sonra, noyabrın 9 da Rusiyanın təklifi ilə Ermənistan Azərbaycanla təslimçi müqavilə imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində Azərbaycan xalqı 2895 şəhid verdi. 44 gündə Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.Sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Dövlət başçısı öz çıxışında Azərbaycan xalqının keçdiyi şanlı yolu xatırlayaraq, bu yolun Fizulidən başladığını bir daha xatırladıb. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Oktyabrın 17-də isə Füzuli şəhəri işğalçılardan azad edildi. Füzulinin azad olunmasından sonra artıq Azərbaycan ordusu məğlubedilməz erməni ordusu və keçilməz erməni sədləri mifini necə darmadağın etməsini bütün dünya gördü. Bundan sonra erməni ordusunda fərarilik kütləvi hal aldı.

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Füzuli azad olunandan üç gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyil idi.

Dövlət başçısı öz çıxışında onu da qeyd etdi ki, bu müharibədə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi.Ön və arxa cəbhə bir ürək kimi döyünürdü. Bunu görən Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Azərbaycan xalqının fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Vətən müharibəsi göstərdi ki, Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir.

Xalqımız və dövlətimiz müharibədən sonra da öz qəhrəmanlarını unutmadı. Şəhid və qazi ailələrinə,veteranlarına göstərilən qayğı da bunun bir daha nümunəsidir. Cənab  İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Füzuli rayonuna səfər edərək Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etməsi də bu qayğının ən yüksək səviyyədə dəstəklənməsinin bir təzahürüdür.

İşğaldan keçən iki il ərzində Qarabağda elə böyük quruculuq işləri görüldü ki, dünya bir daha bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunun şahidi oldu. Ermənilər tərəfindən yerlə yeksan olan Füzuli rayonunda  8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib istifadəyə verilməsi görülən işlərin miqyasını gözlər önünə sərdi.