Pozucu müxalifətin fəaliyyətində antimilli istiqamətli aktivlik müşahidə olunur
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi
12-13 sentyabr tarixində sərhəddə baş verən təxribatların nəticəsində növbəti məğlubiyyət Nikol Paşinyana qarşı ölkədaxili təzyiqlər artmışdır. Həmişə olduğu kimi bu dəfə də fərqli istiqamətlərdən gələn telefon zəngləri və elçilər nə dövlət başçısını, nə də ordumuzu milli maraqların ləyaqətlə icrasından çəkindirə bilməmişdir. Xalq-iqtidar yenidən birləşdi. Şəhid ailələri yenidən və bir daha vətən sağ olsun dedi. Qərbin dırnaqarası demokratiya institutları əslində isə kəşfiyyat, xüsusi xidmət orqanları qərar verdilər ki, ölkə daxilində, Avropada öz nəzarətlərində olan və onların himayəsi ilə maliyyələşən qurumlarla, şəxslərlə yenidən əməkdaşlıq etsinlər. Beləliklə, ölkədə pozucu xarakterli müxalifətin fəaliyyətində antimilli istiqamətli aktivlik müşahidə olunmağa başlamışdır. Müzəffər Ali Baş Komandana və rəşadətli ordumuza qarşı qəbul edilməz ittihamlar irəli sürməklə əslində öz simalarını xalqın yadına salmışlar. Yadına salmışlar deyirəm, çünki xalq onların əsil üzlərini dəfələrlə görüb. Azərbaycanda fəaliyyət göstərən sağlam siyasi qüvvələr dəfələrlə bu ünsürlərin qeyri-sağlam yanaşmalarını sübut etmişlər. Lakin bu dəfə hər şey daha çox aydın və barizdir.
Əlbəttə, çox təssüfedici haldır ki, azərbaycanlı bir kəs tarixi torpaqlarımızın geriyə qaytarılması məqamında belə pozucu mövqe sərgiləyir. Lakin təklif edirəm ki, ilk olaraq onu müəyyən edək ki, bu insanlarda xalq, millət anlayışları varmı? Yaxud bunların milləti doğurdanmı azərbaycanlıdır? Sizdə belə şübhələr yaranırmı, bilmirəm. Lakin mən bunların azərbaycanlı olduğuna bəzən şübhə ilə yanaşıram. Ümummiyətlə Azərbaycan ordusunun hərbi əməliyyatları haqqında “dur, dayan” kimi ifadələr işlətmək xəyanətdir. İllərdir bu insanların simalarını bizlər görürdük, ifşa edirdik. Şadam ki, indi isə bütün millət əsil həqiqətləri görmüş oldu.
Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva, Sevinc Osmanqızı, Qubad İbadoğlu və “qaçqın blogger” dəstəsinin günlərdir dillərindən düşmədikləri bir ifadə var ki, “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan Ermənistan ərazisində nə iş görür?” Birincisi, bu beyinlərinin hansısa yarımkürəsi işləməyənlərə bildirmək istəyirəm ki, o Ermənistan ərazisi dediyiniz yerlər tarixi və zorla Azərbaycandan qoparılmış torpaqlardır. Başqa bir məqam isə ondan ibarətdir ki, Paşinyan indi bu qərara gəlib. 2 ilə yaxınddır ki, 10 noyabr bəyannaməsi imzalanıb. Lakin Qarabağda hələ də Ermənistanın silahlı birləşmələri mövcuddur. Silahlı birləşmələri çıxarmayan Paşinyan indi quyruğu qapı arasında qalıb deyə belə danışır. Həm də öz dediyini belə dəfələrlə təqzib edir.
Qaranlıqdan, qandan bəhrələnənlərin simalarını yerində təhlil etmək, əsil məqsədlərini xalqa çatdırmaq lazımdır. Vaxtı ilə Azərbaycan ordusunun qələbəsinə inanmayan bu adamlar indiki tarixi məqamların bizə verdiyi fürsətləri dəyərləndirməyimizə mane ola bilməzlər. Bu insanlar milli maraqlardan çox uzaq və qara qüvvələrə xidmət edən kəslərdir. Yəqin ki, bir çoxlarınız xatırlayarsınız Vətən Müharibəsi dövründə siyasi partiyalar həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalamışlar. O tarixi akta da imza atmayan Əli Kərimli və pozucu komandasının real məqdəsləri bir daha nümayiş olunur. Kimə nə üçün vəkillik etdiklərini gözəl bilirik. Amma müdrik xalqımız tarixin bütün mərhələlərində olduğu kimi bu dəfə də imkan verməyəcək ki, milli maraqlarımızın ləyaqətlə icrasına mane olsunlar.
Hər damla axan şəhid qanı bizim ürəklərimizə axır. Son iki ildə onlarla dəfə vətəndaşlıq borcunu yerinə yetirərək şəhid və qazi ailələrinin qapısını döymüş, dövlətimizin qayğısını o insanların diqqətinə çatdırmışıq. Bir dəfə də olsun şəhid məclisində olmayanların bu cür dırnaqarasında vətənpərvərliklə bağlı quru sözlərdən ibarət nitqləri sadəcə ikrah hissi doğurur.
Dünyanın fərqli qütblərinin bir-biriləri ilə mübarizə apardığı bir vəziyyətdə elə bir tarixi məqam yaranmışdır ki, indi dayanmaq olmaz. Daha da ciddi və daha da cəsarətli addımlar ataraq mübarizəmizi davam etdirməliyik. Ali Baş Komandanımız nəyi, nə vaxt, nə cür edəcəyini gözəl bilir. Bizim üzərəmizə düşən ən vacib məsələ isə milli şüur, milli təfəkkür və milli maraqlardan uzaq kəslərin tərbiyə edilməsi və mümkün olmadığı halda isə ictimai qaydalar əsasında zərərsizləşdirilməsi olmalıdır.
Sonda bütün cəmiyyətimizi, dəmir yumruq və milli maraqlar ətrafında birləşən xalqımızı bu pis niyyətli insanlarla dinc mübarizəyə səsləyirəm. Pozucu ünsürləri isə şiddətlə qınayıram.