Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Noçuyev Surxay Əbdül oğlu 35-ci doğum günündə ehtiramla yad edilib. Şəhidin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, Şəhidin ailə üzvlərinin iştirakı ilə II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Aprel döyüşlərində iştirak edən Surxay Noçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tabor komandiri kimi ön xətdə döyüşüb, düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edərək böyük qəhrəmanlıq göstərib. Sonuncu döyüşü də Qarabağın incisi sayılan Şuşada olub. Noçuyev Surxay Əbdül oğlunun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbr diləyirik.