Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır

Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır

Yasin Quliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

20 oktyabr Azərbaycan xalqının qürur duyduğu tarixlərdəndir. Azərbaycan xalqının şərəf və qürurunu, ləyaqət və vicdanını gələcək nəsillər üçün aydınlaşdıran bir gündür oktyabrın 20-si. Zəngilanın erməni faşizmindən azad edilməsi bütövlükdə Azərbaycanın şanlı Zəfər tarixinin silinməz salnaməsidir.

2020-ci ilin 20 oktyabrı Zəngilandan köçkün düşənlərin məcburi köçkün adından qurtulduqları gündür. Zəngilanlıların 27 illik həsrətinə son qoyduğu zamandır. İllərlə axıdılan acı göz yaşlarının sevinc göz yaşları ilə əvəzləndiyi tarixdir. Bu tarix bütövlükdə azərbaycanlıların əziz və unudulmaz günüdür.

1993-cü il oktyabrın 29-da işğal edilən Zəngilan 27 il sonra eyni ayda, sadəcə 9 gün fərqlə düşməndən təmizləndi. Zəngilan Rayonunun işğal tarixi yerini azadolma tarixinə verdi. Həmin gün qazanılan qələbə ordunun gücü və Ali Baş Komandan İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli və dönməz siyasətinin nəticəsi idi. 2020-ci ilin 20 oktyabrı Zəngilandan köçkün düşənlərin məcburi köçkün adından qurtulduqları gündür. Zəngilanlıların 27 illik həsrətinə son qoyduğu zamandır. İllərlə axıdılan acı göz yaşlarının sevinc göz yaşları ilə əvəzləndiyi tarixdir. Bu tarix bütövlükdə azərbaycanlıların əziz və unudulmaz günüdür.

Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid və qəbiristanlıqları, eləcə də yaşayış məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətlərini ortaya qoymuşdular. 30 il davam edən bu vəhşiliyə Azərbaycan xalqı, onun Prezidenti, Silahlı Qüvvələri cəmi 44 günə son qoydu. Zəngilan torpağının işğaldan azad edilməsində Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri gələcək nəsillər üçün örnək oldular. Bu örnək Zəngilanın işğaldan azad olunma tarixini, Zəngilan Şəhəri Gününü qeyd edən nəsillərin yaddaşına hopacaq. Hər ildönümdə xatirələri həmişə əziz tutulan unudulmaz şəhidlər bir daha yad olunacaq, ruhları qarşısında baş əyiləcək.

Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətlə bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 3 il əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Bir çox yaşayış məskənində müasir infrastruktur qurulub, “ağıllı kənd” Ağalı salınıb. Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafını sürətləndirir. Maraqlıdır ki, Böyük qayıdışa məhz Zəngilanda “ağıllı kənd”in tikintisi ilə start verilib. Ağalı kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən “Göyərçin” abidə-fəvvarə kompleksi yaradılıb.

Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.