Azərbaycan Qadınları: Tarix, Hüquqlar və Müasir Cəmiyyətimizdə Rolu

Azərbaycan Qadınları: Tarix, Hüquqlar və Müasir Cəmiyyətimizdə Rolu
Röya İslamova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru
8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin olunması, onların cəmiyyətdəki rolunun dəyərləndirilməsi məqsədilə qeyd olunan əlamətdar gündür. Azərbaycan qadını tarix boyu  milli dəyərlərə sadiq qalaraq, ölkənin sosial, siyasi və mədəni həyatında mühüm  rol oynamışdır.

Azərbaycan qadınları tarixən  həm ailə institutunun qoruyucusu, həm də maarifçilik və dövlət idarəçiliyində aparıcı qüvvələrdən biri olmuşdur. XIX əsrdən başlayaraq qadınlarımız milli maarifçilik hərəkatında fəal iştirak etmiş, qəzetlərdə yazılar yazmış, xeyriyyə cəmiyyətləri qurmuş, teatr və təhsil sahələrində yeniliklərə öncüllük etmişlər.

Azərbaycan qadını XX əsrin əvvəllərində ictimai-siyasi həyatda daha fəal mövqe tutmağa başlamışdır. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk müsəlman dövləti olmuşdur. Bu, ölkəmizdə qadın hüquqlarının tanınması və gender bərabərliyinin inkişafı istiqamətində mühüm addımlardan biri idi.

Müstəqillik dövründə Azərbaycan dövləti qadın hüquqlarının qorunması və gender siyasətinin inkişafına xüsusi önəm vermişdir. 1995-ci ildə Azərbaycan BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”  konvensiyasına qoşulmuşdur. Daha sonra 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncam imzalanmışdır.

2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun kişilərlə qadınların hüquq bərabərliyini təmin etməyə, cinsə görə ayrı-seçkiliyin aradan qaldırılmasına və qadınların sosial, iqtisadi, siyasi həyatda aktiv iştirakına şərait yaratmağa yönəlmişdir.

Bundan əlavə, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunmuşdur ki, bu da qadınların təhlükəsizliyini və hüquqlarının  müdafiəsini daha da gücləndirmişdir.

Müasir Dövrdə Qadın Siyasəti və İctimai Həyatda Rolu Müstəsnadır. Azərbaycan qadınlarının fəallığını artırmaq üçün dövlət səviyyəsində müxtəlif təşəbbüslər həyata keçirilir. Ölkəmizdə qadınların hüquqlarını qorumaq və onların cəmiyyətə daha geniş inteqrasiyasını təmin etmək  məqsədilə 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Dövlət qadınların siyasətdə, biznesdə, elmdə, mədəniyyətdə və digər sahələrdə daha geniş təmsil olunmasını dəstəkləyir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini bu sahədə nümunə göstərmək olar. Onun təşəbbüsü ilə bir çox humanitar, təhsil və mədəniyyət layihələri həyata keçirilmiş, qadınların sosial rifahı yüksəldilmişdir.

Hazırda Azərbaycan qadınları parlamentdə, dövlət qurumlarında və biznes sektorunda daha geniş şəkildə təmsil olunurlar. Bununla yanaşı, elm, mədəniyyət, idman və sosial sferada da qadınlarımız öz bacarıqları və nailiyyətləri ilə ölkəmizi uğurla təmsil edirlər.

Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal iştirak etməsi ölkənin inkişafı üçün mühüm amillərdən biridir. Tarixi ənənələri qoruyaraq  müasir dövrün çağırışlarına cavab verən Azərbaycan qadını milli dəyərlərə sadiqliyi, maarifçilik ruhu və cəmiyyətə verdiyi töhfələrlə daim seçilmişdir. Dövlətin həyata keçirdiyi qadın  siyasəti və gender bərabərliyinin təmin olunmasına yönəlik addımlar sayəsində qadınlarımızın rolu daha da möhkəmlənir və onların cəmiyyətdəki mövqeyi güclənir.

8 Mart  –  Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onların cəmiyyətimizin inkişafında mühüm  rol oynamağa davam etmələrini arzu edirik!