Yaxşı dost dar gündə tanınar

Yaxşı dost dar gündə tanınar
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan-Pakistan arasında bugünkü yüksək səviyyəli diplomatik və qardaşlıq münasibətlərinin kökü keçmişə dayanır. Nəsillərdən ötürülən irsə sadiqliyini nümayiş etdirən cənab Prezidentimiz İlham Əliyev yaxşı olanı daha inkişaf etdirən bir liderdir. Bu günlərdə Pakistana yüksək səviyyəli dövlət səfərindəki çıxışı zamanı İlham Əliyev bunu vurğulamışdı: ”Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir.”
Pakistan və Azərbaycan həm də neçə illərdir ərazi münaqişəsi yaşayan dövlətlərdir. Haqlı olmasına rəğmən müharibə zilləti çəkməyimiz də bizi yaxınlaşdıran dəyərlərdəndir. BMT-nin ölkələrimizə qarşı münasibətinə diqqəti cəlb edən İlham Əliyev səfər haqqında mətbuata bəyanatında söyləmişdir: ”Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur.”
Pakistan dövlətinin Azərbaycana 44 günlük Vətən müharibəsindəki xüsusi dəstəyinin heç zaman unudulmayacağını xatırladan Ali Baş Komandan İlham Əliyev “Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir” fikrini söyləmişdir.
İki dövlət arasında münasibətlər siyasi-diplomatik müstəvidən başqa iqtisadi, hərbi əməkdaşlıqla daha da möhkəmlənir. Ölkə Prezidentimizin son rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq sənədələri iki dövlətin daha da biri-birinə yaxınlaşacağından xəbər verir. Dünya dövlətləri içərisində sülhün və əməkdaşlığın qoruyucusu kimi tanınmış Azərbaycan öz əvəzolunmaz Lideri sayəsində daha yüksək zirvələri fəth edəcək!