17 Oktyabr – Füzuli şəhəri günü: Zəfərin və Qayıdışın rəmzi

17 Oktyabr – Füzuli şəhəri günü: Zəfərin və Qayıdışın rəmzi
Ləman Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru
17 oktyabr 2020-ci il — Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfər günlərindən biridir. Məhz bu tarixdə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad edərək 30 illik həsrətə son qoydu.
Bu qələbə təkcə hərbi zəfər deyil, ədalətin bərpası, xalqın birliyi, liderin qətiyyəti və milli ruhun dirçəlişi idi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda ən qürurlu səhifələrindən biri kimi tarixə düşdü.
1993-cü ildə düşmən tərəfindən işğal edilən Füzuli, 27 il sonra azadlığa qovuşdu. O dövr ərzində yüzlərlə şəhid vermiş xalqımız bu torpaqları qorumaq və geri almaq əzmindən dönmədi. 2020-ci ilin 17 oktyabrı isə bu sədaqətin və inamın təntənəsi oldu.
Bu gün Füzuli şəhəri yenidən doğulur. Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən böyük quruculuq layihələri nəticəsində şəhər qısa müddətdə müasir infrastruktur mərkəzinə çevrilir. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları, su anbarları, yeni yaşayış kompleksləri və məktəblər – bütün bunlar dövlətimizin gücünün və xalqımıza qayğısının bariz nümunəsidir.
Qardaş Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Türk dünyasının həmrəyliyini nümayiş etdirir. Artıq Böyük Qayıdış Proqramı çərçivəsində yüzlərlə ailə doğma Füzuliyə qayıdıb və bu proses davam edir. Qayıdan hər bir ailə – Vətənə sevginin, inamın və sarsılmaz milli ruhun təcəssümüdür.
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” kimi təsis olunub. Bu gün təkcə bir şəhərin azad edilməsini deyil, Azərbaycanın gücünü, liderinin uzaqgörənliyini və xalqın birliyini təcəssüm etdirir.
Füzuli–Zəfərin, Qayıdışın və Yenidənqurmanın simvoludur! Bu torpaq artıq azad, inkişaf edən və gələcəyə inamla baxan Azərbaycan torpağıdır!