Dadaş Baba-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 89 saylı tam orta məktəbin direktoru
Bildiyimiz kimi fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Növbədənkənar seçkilərin keçirilməsinin iki səbəbi vardır. Bununla bağlı cənab İlham Əliyev ictimaiyyətə bildirmişdi ki, “Birinci səbəb təbii ki, suverenliyimizin bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər bütöv Azərbaycan torpaqlarında keçirildi.
Bu gün Zəfər seçkisi Azərbaycan bayrağı dalğanan Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Ağdamda keçirildi. İlk dəfə olaraq məğrur keçmiş köçkünlər işğaldan azad edilmiş torpaqlarımızda xalqın ən layiqli namizədinə səs verdilər. Süveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində müqəddəs bayrağımız altında keçirilən seçkilər hər birimizdə qürurlu anlar yaşatdı.
Prezident İlham Əliyevin yenidən prezident səlahiyyətlərini icra etməyə başlaması, nəinki Azərbaycanın daxili sabitliyini möhkəmləndirir, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın siyasi gündəminin davamlılığı və etibarlılığı barədə güclü siqnal verir: “Bu, regionda təhlükəsizliyin və rifahın təmin edilməsi üçün əsas olan digər ölkələrlə etimadı və əməkdaşlığı təşviq edir. Üstəlik, Prezident İlham Əliyevin davamlı və uğurlu rəhbərliyi Azərbaycan üçün iqtisadi və sosial inkişaf sahəsində yeni perspektivlər açır. Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkənin daha hərtərəfli inkişafının, xüsusən də iqtisadi və sosial rifah kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı modernləşmə və infrastrukturun inkişafı istiqamətində səyləri davam etdirəcəyini qeyd edərək, beynəlxalq əlaqələri və əməkdaşlığı gücləndirmək əzmində olduğunu bildirib.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içən cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə verdiyi vədləri yerinə yetirdiyi kimi növbəti prezidentlik dövründə də xalq qarşısında verdiyi sözlərə sadiq qalaraq ölkənin rifahı naminə əlindən gələni edəcəyinə əminik.
Arzuların gerçəkləşdiyi qalib ölkə - Azərbaycan vətəndaşı olmağımızdan fəxarət hissi keçiririk. Sözsüz, bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq. Əslində bu qələbə təkcə cənab Prezidentin deyil, bütün xalqın qələbəsidir. İnanırıq ki, Azərbaycan bundan sonra da müdrik Prezidentin fəaliyyəti sayəsində böyük uğurlara imza atacaq.
Ulu öndər Heydər Əliyevin dediyi kimi AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞACAQ!
Möhtərəm Prezidentimizə çətin və şərəfli işində uğurlar arzulayır, Biz sizə inanırıq, həmişə yanınızdayıq!- deyirik