Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər təşkilatın əməkdaşlıq və etimad platformasını gücləndirib
Cəmilə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 126 saylı körpələr evi- uşaq bağçasının təsərrüfat müdiri
AQEM çərçivəsində dövlət başçısının çıxışında ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrinin də xüsusi qeyd edilməsi təşkilatın gündəliyinin geniş xarakterini nümayiş etdirir. Bu istiqamətlər üzrə əməkdaşlıq yalnız iqtisadi fayda yaratmaqla məhdudlaşmır, eyni zamanda, xalqlar arasında təmasların artmasına, bilik və təcrübə mübadiləsinə, ortaq problemlərin həlli üçün birgə yanaşmaların formalaşmasına imkan verir. Belə təşəbbüslər regional etimadın möhkəmləndirilməsində və dövlətlər arasında uzunmüddətli əlaqələrin qurulmasında mühüm vasitədir.
AQEM-in inkişafı məsələsi Prezident İlham Əliyevin beynəlxalq təhlükəsizlik və münaqişələrin həlli ilə bağlı səsləndirdiyi fikirlərlə də birbaşa əlaqəlidir. Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasının təmin olunmasının və dövlətlərin suveren hüquqlarına hörmətin nə qədər vacib olduğunu göstərir. Dövlət başçısının beynəlxalq hüququn tətbiqində ikili standartlara qarşı çıxması və kollektiv təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsini zəruri hesab etməsi regional dialoqun daha nəticəyönümlü qurulmasına çağırış kimi dəyərləndirilə bilər.
Çıxışda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülhə üstünlük verməsi, Ermənistanla münasibətlərin normallaşdırılmasına çalışması da diqqətə çatdırılıb. Prezident sülhün əldə olunmasının mühüm nailiyyət olduğunu, lakin onun qorunması və möhkəmləndirilməsi üçün davamlı səylərin vacibliyini bildirib. Bu yanaşma regional sabitliyin yalnız münaqişələrin başa çatması ilə deyil, həm də qarşılıqlı etimadın, siyasi dialoqun və beynəlxalq hüquqa hörmətin möhkəmləndirilməsi ilə təmin oluna biləcəyini göstərir.
Nəticə etibarilə, Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər təşkilatın regional əməkdaşlıq və etimad platforması kimi gücləndirilməsinə yönəlib. Nəqliyyat və rəqəmsallaşmadan tutmuş təhsil, turizm və ətraf mühitin mühafizəsinədək geniş sahələri əhatə edən əməkdaşlıq gündəliyi üzv dövlətlərin ortaq maraqlarının reallaşdırılması üçün imkanlar yaradır. AQEM-in gələcək effektivliyi isə bu təşəbbüslərin konkret nəticələrə çevrilməsindən, dövlətlər arasında dialoqun davamlılığından və beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl hörmətdən asılı olacaq. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ölkənin Avrasiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni bir daha nümayiş etdirir.