“Zəngilan – həsrətdən zəfərə, xatirələrdən gələcəyə”
Südabə Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 323 nömrəli körpələr evi- uşaq bağçasının tərbiyəçi-müəllimi
Zəngilanın azadlığı sadəcə bir şəhərin geri qaytarılması deyil, yarımçıq qalmış arzuların yenidən doğulması, Vətən həsrətinin qovuşmaq sevincinə çevrilməsi idi. Bu tarixi qələbə Azərbaycan əsgərinin cəsarəti, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi şücaət sayəsində mümkün oldu. Bu gün Zəngilanın azadlığından danışarkən həmin qəhrəmanları dərin ehtiramla xatırlamaq mənəvi borcumuzdur. Çünki azad edilmiş hər qarış torpağın arxasında böyük mübarizə, sarsılmaz iradə və Vətənə sonsuz sədaqət dayanır.
Zəngilanın azad olunması ilə onun tarixində yeni bir dövr başlandı. İllərlə həsrət ünvanı olan bu torpaq indi quruculuğun, yenilənmənin və gələcəyə inamın məkanına çevrilir. Burada həyata keçirilən bərpa və yenidənqurma işləri təkcə dağıdılmış infrastrukturun yenilənməsi deyil, həm də doğma yurda həyatın qaytarılması deməkdir. Müasir yolların çəkilməsi, yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması və iqtisadi fəaliyyət üçün imkanların formalaşdırılması Zəngilanın gələcək inkişafına xidmət edir.
Zəngilan Beynəlxalq Hava Limanının inşası və istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm hadisələrdəndir. Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi isə müasir texnologiyaların kənd həyatına tətbiqi baxımından diqqətəlayiq nümunədir. Bütün bu layihələrin mərkəzində insan dayanır. Çünki şəhəri şəhər edən yalnız binalar, yollar və meydanlar deyil. Şəhərin əsl ruhunu orada yaşayan insanlar, onların gündəlik həyatı, sevinci, zəhməti və gələcəyə bəslədiyi ümidlər yaradır.
Zəngilanın dirçəlişinin ən mənalı tərəfi də insanların doğma yurda qayıdışı, illər sonra ata-baba torpağında yenidən həyat qurmaq imkanının yaranmasıdır. 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 20 oktyabrın Zəngilan Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Bu qərar həm də xalqımızın mübarizə və qələbə tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Zəngilanın keçmişi ilə gələcəyi arasında mənəvi bir körpü qurulur. Bir vaxtlar doğma yurdunun xatirələri ilə böyüyən insanlar indi həmin torpaqlarda yeni həyatın qurulmasının şahidi olurlar. Vaxtilə valideynlərinin dilindən Zəngilan haqqında eşidən gənclər üçün bu şəhər artıq yalnız xatirələrdə yaşayan bir məkan deyil. O, gedib görmək, tanımaq, yaşamaq və inkişafına töhfə vermək mümkün olan doğma Vətən torpağıdır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə qürurla deyə bilərik ki, Zəngilanın tarixində artıq yeni səhifə açılıb. Bu səhifə həsrətlə deyil, qayıdışla, dağıntılarla deyil, quruculuqla, ayrılıqla deyil, doğma yurda qovuşmağın sevinci ilə yazılır. Zəngilanın dünəni tariximiz, bu günü qürurumuz, sabahı isə gələcək nəsillərə əmanətimizdir.