Zəngilan bu gün regionun əsas nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilir
Yasin Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Zəngilan rayonu Azərbaycanın cənub-qərbində yerləşən, zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən ərazilərdən biridir. Rayonun coğrafi mövqeyi onun tarixən iqtisadi, sosial və mədəni əlaqələr sistemində mühüm rol oynamasına şərait yaratmışdır. Araz çayı boyunca yerləşməsi, İranla sərhəddə mövqeyi və Naxçıvan istiqamətindəki nəqliyyat-kommunikasiya imkanları Zəngilanın geosiyasi əhəmiyyətini artırır. Buna görə də Zəngilanın azad edilməsi yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, Azərbaycanın regional nəqliyyat əlaqələrinin genişləndirilməsi və iqtisadi potensialının gücləndirilməsi baxımından da mühüm nəticələr doğurmuşdur.
Zəngilan bu gün regionun əsas nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilir. Qısa müddətdə inşası başa çatan və istifadəyə verilən Zəngilan hava limanı bölgənin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyasını təmin etməkləyanaşı, turizm və iqtisadi potensialı dəfələrlə artırır. Zəngilandan keçən avtomobilvə dəmir yolları Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası vəTürkiyə ilə birləşdirəcək strateji xəttin əsasını təşkil edir. Uzun illər işğal altındaqalan və çirklənməyə məruz qalan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası, nadir çinar meşələrinin qorunması və zəngin biomüxtəlifliyin yenidəndirçəldilməsi istiqamətində layihələr ardıcıl davam etdirilir.
Zəngilan yenidən qurulur, müasir şəhər kimi sürətlə inkişaf edir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yeni yollar, məktəblər və yaşayış məhəllələri Zəngilanın dirçəlişinin rəmzinə çevrilib.Zəngilanın işğal tarixi onun azad olma tarixi ilə əvəz olunmuş, şərəf və qürur tariximizə çevrilmişdir. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. Zəngilan şəhəri günü torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsinə hörmət, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının təntənəsidir.
Bu torpaq həm də mədəni dirçəlişin ünvanıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə XIX əsrdə inşa edilmiş, işğal dövründə təhqir edilərək tövləyə çevrilmiş Zəngilan məscidi bərpa olunub. Yeni ibadət zalı, iki minarə və kaşıdan işlənmiş mehrabı ilə bu məscid həm inancın, həm də milli ruhun dirçəliş rəmzidir.
Bu gün Zəngilan təkcə şəhər deyil – o, bir məktəbdir: vətən sevgisinin, dözümün, yenidən doğuluşun məktəbi. Prezident İlham Əliyevin ardıcıl səfərləri, hər dəfə yeni layihələrin təməlqoyma mərasimləri bu torpağın gələcəyinə dövlətin necə ciddi yanaşdığını göstərir.