Vətən müharibəsindən sonra Komando bölmələrinin yaradılması prosesi daha geniş vüsət almışdır

Vətən müharibəsindən sonra Komando bölmələrinin yaradılması prosesi daha geniş vüsət almışdır

Bayram Əzizov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, Zığ Bələdiyyəsinin baş mühasibi

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə mənfur düşmənimiz olan erməni işğalçılarının əsarəti altında idi. Məhz yenilməz, Şanlı Ordumuz işğalçıların 30 il ərzində qurduqları istehkamları, “ordusunu” darmadağın edərək qələbəyə imza atdı. Dövlət başçısı beynəlxalq hüquq normalarına sadiqlik göstərərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına çalışıb, lakin münaqişənin hərb yolu ilə həllini də istisna etmirdi. Prezident, Ali Baş Komandan çıxışlarında “biz nəyi nə zaman edəcəyimizi bilirik”  deyirdi. 

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı artıq bir neçə hərbi hissənin fəaliyyət göstərdiyini və yeni hərbi hissələrin açılışı nəzərdə tutulduğunu, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırdığımızı və artıracağımızı bildirmişdir.

Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli, avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirildi.

İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi.

Vətən müharibəsindən sonra Komando bölmələrinin yaradılması prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür.

Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən  cənab İlham Əliyevin vurğuladığı kimi,  ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.