Cəbrayıl rayonu hazırda yenidən qurulur, dirçəlir

Cəbrayıl rayonu hazırda yenidən qurulur, dirçəlir

Vəfa Babayeva

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Suraxanı rayonu, 277 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçi-müəllimi

Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur.

Cəbrayıl rayonu hazırda yenidən qurulur, dirçəlir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.

Rayonunun elektrik təchizatına gəldikdə isə, 2021-ci il 4 oktyabr tarixində “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək. 2025-ci il 28 oktyabr tarixində Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulub. 2026-cı il 9 may tarixində Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyası tikilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub.

Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Paylaş