Beynəlxalq Diplomatlara Qarşı Koordinasiyalı Hücum Kampaniyası
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı
Xarici dövlətlərin nümayəndələrinin bu genişmiqyaslı iştirakı İrəvanda ciddi siyasi sarsıntıya səbəb oldu. Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində səfərə qatılan xarici səfirlər adbaad hədəfə alınaraq onlara qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparıldı.
Erməni şərhçilərin diplomatları təhqir etməsi və şantaj ritorikasına əl atması, əslində, xarici dövlətlərin Azərbaycanın suverenliyini rəsmən və praktiki olaraq tanımasından doğan hüquqi çarəsizliyin bariz nümunəsidir. Ermənistan cəmiyyəti dərk edir ki, diplomatların Şuşada, Xankəndidə foto və videolar paylaşması regionda İrəvanın uzun illər formalaşdırdığı yalan informasiya monopoliyasını birdəfəlik darmadağın edir.
Bu aqressiv reaksiya təkcə marjinal müxalif qruplarla məhdudlaşmır, həm də rəsmi dövlət instansiyaları tərəfindən dəstəklənir. Ermənistan parlamentinin sədri səviyyəsində xarici diplomatların Azərbaycanın daxili ərazilərində qanuni hərəkətlərinə qarşı qərəzli və ittiham dolu şərhlərin səsləndirilməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Azərbaycan ərazisində baş verən proseslərlə bağlı qərar vermək müstəsna olaraq rəsmi Bakının hüququdur. Ermənistan tərəfinin bu səfərlərə müdaxilə cəhdləri göstərir ki, rəsmi İrəvan hələ də sülh prosesində səmimi deyil və daxildəki revanşist elementləri sakitləşdirmək naminə destruktiv ritorikadan əl çəkmir.
Erməni revanşistlərinin ən çox qıcıqlandığı məqamlardan biri də xarici nümayəndə heyətlərinin bölgədəki qədim xristian abidələrini, o cümlədən Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət etməsi oldu. Ermənistan tərəfi bu abidələrin yalnız onlara məxsus olduğunu iddia edərək manipulyasiya aparmağa çalışsa da, tarixi sənədlər və daş kitabələr bu tikililərin qədim Alban dövlətinə aid olduğunu və erməni kilsəsi ilə heç bir bağlılığının olmadığını təsdiqləyir.
Digər tərəfdən, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yüzlərlə məscidi, qədim qəbiristanlığı və yaşayış məskənlərini yer üzündən silən, tarixi saxtalaşdıran bir zehniyyətin Azərbaycanın multikultural abidələri qorumasını və dünyaya təqdim etməsini hədəf alması mənəvi dözümsüzlüyün pik nöqtəsidir.
Ermənistanda revanşist qüvvələrin fəallaşması, qarşıdurma ritorikasını yenidən gündəmə gətirməsi regionda sülh və etimad mühitinin formalaşması önündəki ən böyük ideoloji maneədir. Münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığı bir dönəmdə belə aqressiv kampaniyalar gələcək regional əməkdaşlığa ciddi zərbə vurur.
Bu şouların real nəticələrə heç bir təsiri yoxdur. Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işlərini, müasir infrastruktur layihələrini, tikilən yeni yolları və yaşayış komplekslərini öz gözləri ilə gördülər.
Erməni revanşist qüvvələrinin göstərdiyi isterik reaksiya Azərbaycan dövlətinin diplomatik və praktiki sahədə qazandığı növbəti böyük uğurun birbaşa təsdiqidir. Azərbaycan dövləti dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında öz suveren ərazilərində beynəlxalq tərəfdaşlıqları möhkəmləndirməyə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etməyə və yeni reallıqları qətiyyətlə dünyaya diqtə etməyə davam edəcəkdir. Regionun gələcəyi qarşıdurmada deyil, tarixi həqiqətlərin qəbul edilməsindədir.