YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Növbəti belə görüş Əmircan qəsəbəsi Xəyyam Əliyev küçəsi 131 ünvanında yerləşən ərazi partiya təşkilatında (154 №-li tam orta ümumtəhsil məktəbi) keçirilib. Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 154 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mahru Rəcəbova bildirib ki, Bu gün dövlət siyasətinin əsas vəzifələrindən biri əldə olunmuş nəticələrin etibarlı şəkildə qorunması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və inkişaf proseslərinin uzunmüddətli perspektivlər əsasında davam etdirilməsidir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-sabitlik, müxtəlif regionlarda davam edən münaqişələr və beynəlxalq hüququn tətbiqi ilə bağlı çətinliklər milli təhlükəsizlik məsələlərini dövlətlərin gündəliyində daha da aktuallaşdırır. Möhtərəm Prezident cənab İlham Əliyevin hərbi gücün artırılmasını qarşıda duran əsas vəzifələrdən biri kimi vurğulaması Azərbaycanın təhlükəsizlik siyasətinin strateji mahiyyətini ifadə edir. Dövlətin müdafiə potensialının möhkəmləndirilməsi, müasir hərbi imkanların inkişaf etdirilməsi və istənilən təhdidə qarşı hazırlığın təmin olunması müstəqilliyin qorunmasının mühüm şərtlərindəndir. Sülh və təhlükəsizliyin davamlılığı dövlətin öz milli maraqlarını qorumaq imkanları ilə sıx bağlıdır.
YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, 154 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Şərafəddin Mustafayev və Rəna Həsənova çıxış edərək bildiriblər ki, xüsusilə gənclərin ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi, onların təşəbbüskarlığının, analitik düşüncəsinin və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi gələcək inkişafın vacib istiqamətlərindəndir. Gənclərin dövlətçilik tarixinə, milli maraqlara və müasir çağırışlara dair biliklərinin artırılması, onların ictimai proseslərdə fəal iştirakına şərait yaradılması ölkənin insan kapitalının gücləndirilməsinə töhfə verir. Bu sahədə həyata keçirilən fəaliyyətin səmərəliliyi gənclərin təşəbbüslərinə verilən dəstək, yaradılan imkanlar və onların ictimai məsuliyyətinin inkişafı ilə sıx bağlıdır.
Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.