Zəngilanın Dirçəliş Epopeyası: Azadlıqdan Böyük Qayıdışın İdeal Modelinə
Kəmalə Quliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 269 saylı körpələr evi- uşaq bağçasının müdiri
2020-ci ilin sentyabrın 27-si təkcə təqvim yarpaqlarında deyil, bütöv bir xalqın yaddaşında milli qürurun bərpa olunduğu gün kimi həkk olundu. Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələyə çevrilərkən, hər bir azad olunan qarış torpaq bizi tarixi ədalətə bir addım da yaxınlaşdırırdı. Bu şanlı xronologiyanın ən parlaq səhifələrindən biri isə 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi oldu. Həmin gün Zəngilanda dalğalanan üçrəngli bayrağımız təkcə bir şəhərin azadlığını deyil, həm də dövlətimizin qüdrətini, əsgərimizin peşəkarlığını və xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 20-sinin “Zəngilan Şəhəri Günü” kimi təsis edilməsi isə bu böyük qələbənin və milli qürurun əbədiləşdirilməsinin rəmzi addımı oldu.
Zəngilanın azadlığı sadəcə hərbi uğur deyil, həm də bölgənin gələcək geosiyasi, nəqliyyat və iqtisadi mənzərəsini dəyişən yeni bir dövrün başlanğıcı idi. Azadlıqdan dərhal sonra, 23 dekabr 2020-ci ildə dövlət başçısının şəhərə səfər edərək bayrağımızı ucaltması ilə Zəngilanda dövlət suverenliyimizin yeni epoxası başladı. Bu səfər həm də qarşıda duran nəhəng quruculuq işlərinin ilk anonsu idi. Cəmi bir neçə ay sonra, 2021-ci ilin fevralında zərərin qiymətləndirilməsi ilə başlayan proses, aprel ayında Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsinin və Zəngilan Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə keyfiyyətcə yeni müstəviyə qədəm qoydu.
İllərlə viran qalmış bu torpaqlar indi ardıcıl və məqsədyönlü dövlət siyasəti sayəsində sürətlə modernləşir. 2021-ci ilin oktyabrında bölgənin enerji təhlükəsizliyini təmin edən “Zəngilan” yarımstansiyasının açılışı, nəqliyyat arteriyası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun və regionun kənd təsərrüfatı potensialını canlandıracaq “Dost Aqropark”ın təməlqoyma mərasimləri bu torpaqlara həyatın birdəfəlik qayıtdığının müjdəçisi idi.
2022-ci il isə Zəngilanın beynəlxalq statusunu möhkəmləndirdi. May ayında Ağalıda “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı ilə başlayan uğurlar oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə zirvəyə çatdı. Zəngilan artıq dünyaya açılan qapıya, regional logistikanın mərkəzinə çevrilmişdi.
Dövlətin Zəngilana verdiyi nəfəs bununla bitmədi. 2023-cü ilin sentyabrında Zəngilan Konqres Mərkəzi Kompleksinin və “Cahangirbəyli” SES-in açılışı, 160 yerlik uşaq bağçasının təməlinin qoyulması; 2024-cü ildə Mincivan qəsəbəsinin təməli, daxili yol şəbəkəsinin qurulması və “Sarıqışlaq” SES-in istifadəyə verilməsi dirçəliş layihələrinin necə çoxşaxəli olduğunu göstərir.
Bu gün, Böyük Qayıdış prosesinin növbəti mühüm mərhələlərini yaşayırıq. 2025-ci ildə Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışı ilə doğma yurduna qovuşan ailələrin sevinci, 2026-cı ilin mayında Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli ilk yaşayış kompleksinin istifadəyə verilməsi ilə daha da bütövləşdi. Bu gün yeni məskunlaşan zəngilanlıların gözlərindəki sevinc, dövlətimizin apardığı ardıcıl, qətiyyətli siyasətin və tarixi ədalətin ən böyük təsdiqidir. Zəngilan artıq sadəcə xəritədə bərpa olunan bir rayon deyil; o, küllərindən doğan, müasir memarlığı, yaşıl enerjisi və xoşbəxt sakinləri ilə bütöv Azərbaycanın gələcək inkişaf modelidir.