Ümummilli lider Heydər Əliyev cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş etdirib

Ümummilli lider Heydər Əliyev cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş etdirib
Xəyalə Əzizova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 101 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxs məktəbin direktoru
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
Ulu öndərin idarəetmə sükanı arxasına keçməsi ilə müstəqil respublikamızın yeni bir inkişaf mərhələsi başladı. Onun müdrikliyi, uzaqgörənliyi sayəsində ölkə xaosdan qurtuldu və inkişafa istiqamətləndi. Ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirir və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi Ulu öndərin müstəsna xidməti idi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında qəbul edilən tarixi qərarlar Ulu öndərin cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idi. Xatırladaq ki, həmin sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Bu gün zamanında Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul olunmasına dair qərar verilməsi kimlərəsə adi görünə bilər. Lakin unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi.
Sonrakı mərhələdə də Ümummilli lider Heydər Əliyev cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş etdirdi. Ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar imzalayıb. Bu gün müstəqil respublikamız, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır. Prezident İlham Əliyev Ulu öndərin cümhuriyyət ideyalarının yüksək səviyyədə təbliği siyasətini ardıcıllıqla davam etdirir. Bunun təsdiqi olaraq vurğulayaq ki, dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. 2018-ci ili respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi də Prezident İlham Əliyevin 1918-ci ildə qurulan respublikanın Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin ifadəsidir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən keçiriləcək tədbirlər cəmiyyətdə milli şüuru, azərbaycançılıq məfkurəsini daha da möhkəmlədəcək, dövlətçilik ənənələrinin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərəcək. Nazirlər Kabinetinin yuxarıda bəhs edilən iclasındakı çıxışında xalqımızın yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaratmasından qürur duyduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.

Xalq Cümhuriyyəti dövründə olduğu kimi, Azərbaycan xalqı və dövləti bu gün də demokratik dəyərlərə ciddi önəm verir Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Demokratiya yüz il əvvəl olduğu kimi, bu gün də xalqımızın şüurlu seçimidir. Müstəqil Azərbaycan azad, demokratik ölkə kimi uğurla inkişaf edir. Qısa müstəqillik tarixində respublikamızda hüquqi dövlət quruculuğu yolunda çox vacib uğurlar qazanılıb. Ölkədə söz, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm tam təmin edilib.
Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır.
Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə müxtəlif sahələrdə demokratiyanın təmin olunması müvəqqəti xarakter daşımır. Yəni ayrı-ayrı sahələrdə şəffaflığın təmin olunması, demokratiyanın dərinləşməsinə xidmət edən islahatların həyata keçirilməsi və bu məqsədlə hüquqi-qanunvericilik bazasının təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Ölkəmizdə son Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi müstəqil respublikamızda demokratiyanın daha da dərinləşməsi istiqamətində növbəti uğurlu addım oldu.
Xalq Cümhuriyyətinin təhsilin inkişafına böyük diqqət yetirməsi xalqın gələcəyini düşünmək baxımından çox önəmli fakt idi Təhsil hər bir ölkənin, xalqın inkişafını müəyyən edən və bu inkişafa güclü təsir göstərən fundamental amillər sırasında yer alır. Ayrı-ayrı ölkələr heç də təbii resurslarına görə deyil, ilk növbədə təhsilin, innovasiyaların sayəsində yüksək inkişaf səviyyəsinə çatıblar. Bu mənada yüz il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin təhsilin inkişafına böyük diqqət göstərməsi xalqın gələcəyini düşünmək baxımından çox önəmli fakt idi. Məlumdur ki, Xalq Cümhuriyyəti çox mürəkkəb və ziddiyyətli bir tarixi şəraitdə fəaliyyət göstərib. Buna baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.
O dövrdə müxtəlif sahələrdə kadr çatışmazlığı bütün ciddiliyi ilə gündəlikdə dururdu. Xalq Cümhuriyyətinin milli mənafeyə hesablanan çoxşaxəli fəaliyyətində milli kadr hazırlığının diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini xüsusi qeyd edə bilərik. Qısa fəaliyyəti dövründə cümhuriyyət parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etdi. Xüsusi komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc isə orada vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.
Təhsilin inkişafına diqqət baxımından cümhuriyyət parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunun əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyətin xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında, xalqımızın yenidən müstəqilliyə qovuşmasında, eləcə də respublikada təhsilin inkişafında, milli kadrların hazırlanmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Xalq Cümhuriyyətindən sonrakı mərhələdə - keçmiş İttifaq tabeliyində olarkən də Azərbaycanda təhsilə böyük maraq göstərilib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində sovet dövründə respublikamızda təhsillə bağlı məsələlərin öz həllini tapdığına diqqət çəkərək vurğulayıb: “Xalqımız üçün yeni dövr - sovet dövrü başlamışdır. Əlbəttə, biz müstəqil deyildik, özümüz müstəqil siyasət apara bilmirdik. Ancaq bununla bərabər, o dövrdə də müsbət məqamlar az deyildi. İlk növbədə, təhsillə bağlı məsələlər öz həllini tapdı və bu gün Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir”.
Xalq Cümhuriyyəti və ondan sonrakı sovet dövründə təhsil sahəsində aparılan siyasət müstəqil Azərbaycanda daha geniş miqyasda davam etdirilir. Son 14 ildə respublikamızda 3 mindən çox məktəbin tikilməsi və yaxud yüksək səviyyədə yenidən qurulması ölkəmizdə təhsillə bağlı siyasətin necə yüksək səviyyədə qurulmasından xəbər verir. Belə hərtərəfli və davamlı qayğı sayəsində Azərbaycanda yüksək təhsilə malik, innovasiyalara meyilli intellektual cəmiyyət formalaşıb ki, bu da müstəqilliyimizin möhkəmlənməsi və əbədi olması üçün önəmli faktordur.
Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri formalaşıb. Xalq Cümhuriyyəti dövründə təməli qoyulan parlamentarizm ənənələri müstəqil Azərbaycanda yeni çalarlarla daha da zənginləşdilib. Müasirləşmə yolu tutan Azərbaycanın seçki sistemi kifayət qədər mütərəqqi və demokratik cəhətləri özündə əks etdirir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib.
Ölkədə bütün demokratik təsisatlar kimi, parlament də uğurla fəaliyyət göstərərək respublikanın müstəqilliyinin möhkəmlənməsinə özünün sanballı töhfələrini verir. Belə ki, Milli Məclis tərkib nöqteyi-nəzərindən siyasi rəngarəngliyə baxmayaraq, ölkənin qarşısında duran strateji və ümummilli məsələlərə yanaşmalarda bir qayda olaraq həmrəylik nümayiş etdirir və dövlətçilik maraqlarını, Azərbaycanın inkişafını, xalqın iradəsini əsas götürür.
Əlbəttə, Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə tarixi şərait tamam fərqli idi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi düzgün təhlil edilməlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasında bu məqama diqqət çəkərək bildirib: “İndiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir”.