Ulu Öndər Heydər Əliyev bütöv bir Azərbaycan üçün dünyaya gəlib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik siyasətçi kimi tanınmışdır. O, demişdir: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı 30-40 nəfər sevinib dünyaya gəlişimə. Amma deməliyəm ki, anam məni bütöv bir Azərbaycan üçün dünyaya gətirib. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.
Siyasət dünyasının zirvəsini fəth edən, ulu xalqımın azadlıq məşəlini zirvəyə qaldıran dahi siyasətçi Heydər Əlirza oğlu Əliyev 1923-cu ilin 10 mayında Azərbaycanın qədim şəhəri, Naxçıvanda anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır.
1990-cı ildə 20 Yanvar hadisələrində sonra o illərlə xidmət etdiyi partiyanın sıralarında imtina edərək Bakıya qayıdan Heydər Əliyev Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Ümummilli liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin içtimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Onun həyata keçirdiyi tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, nizamlı silahlı qüvvələrin yaradılması atılan hər yeni addımlardan biri idi. 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyəti olan atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan dövlətçiliyini yaratdı, ölkəni parçalanıb yox olmaqdan qurtardı.
Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində onun xidmətləri böyükdür. 1993-cü ildə o, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub və mühüm dövlət təsisatları yaradılıb.
Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi və digər Azərbaycanımızın çiçəklənməsi üçün mühüm qərarlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı.
Heydər Əliyevin - böyük siyasət və dövlət xadiminin adının, işinin və əməllərinin əzəməti çox şeydən xəbər verir. Yüksək intelektual səviyyə, möhkəm ensiklopedik yaddaş, hadisələri qabaqlamaq nəbzini tutmaq bacarığı, dühasına xas olan xüsusiyyətlərdir. Müxtəlif dövlətlərin məhşur liderləri ona qibtə edirdilər. Uzun ilər Sovet dövlət aparatında, yüksək vəzifə postlarında yuxarıdan əmr və göstərişlər vermiş yeganə azərbaycanlı bir şəxsiyyət kimi adı qızıl hərflərlə tarixə yazılmış Heydər Əliyevdir.
Hər bir tamaşadan sonra səhnəarxası aktyorlarla görüşür, onların sənətinə sanki bir sənət adamı kimi yüksək qiymət verirdi. Şairlərlə, inşaatçılarla, memarlarla görüşlərində də hər bir sənətdən xəbərdar olan bir sənətkaq kimi danışırdı.
Heydər Əliyev gözəl dövlət rəhbəri, həyat yoldaşı, mehriban ata, qayğıkeş baba idi. Hamını sevirdi. Heç kəsi heç kəsdən ayırmadan, seçmədən sevirdi. O, bütün uşaqları öz nəvələri kimi sevirdi. Hər il iyul ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günündə keçirilən tədbirlərdə iştirak edir, onların çıxışlarına heyranlıqla qulaq asardı. Hər uşağa fərdi yanaşardı.
Bu gün Heydər Əliyev yolu xeyirxaqlıq yoludur. Bizim üçün çox xoşdur ki, bu gün bu yolun layiqli davamçısı var. O, Azərbaycan Respublikasının Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Vitse prezidenti Mehriban Əliyevadır.
Heydər Əliyevin qurub yaratdığı və böyük öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, layiqli varisi olan İlham Əliyev parlaq sabahlara doğru inamla addımlayır. Ulu öndər: “Mən ona özüm kimi inanıram”- demişdir. Bu gün İlham Əliyevin ata vəsiyyətinə sadiq qalaraq Şuşamızı, işğal olunan torpaqlarımızı dəmir yumruğu ilə igid oğullarımızı “Qarabağ Azərbaycandır”- deyərək irəli aparır. Bu gün azadlığa, qələbəyə gedən yol inamlı əllərdədir. 44 günlük müharibə bizi qələbəyə çatdırdı. Ruhun şad olsun Ulu Öndər. Sənin arzularını həyata keçirdi layiqli davamçın Ali Baş Komandan İlham Əliyev.
Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.