Təbii sərvətlərin talanı Vardanyanın Qarabağa gəlişindən sonra daha da sürətlənib

Təbii sərvətlərin talanı Vardanyanın Qarabağa gəlişindən sonra daha da sürətlənib

Elşad Həsənov

Siyasi ekspert, ictimai fəal

Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqların qanunsuz istismarı, xüsusilə, Ruben Vardanyanın Qarabağa gəlişindən sonra daha da sürətlənib. Ekoaktivistlərin aksiyasına toxunan ekspert bildirib ki, Şuşa şəhəri yaxınlığındakı postun yanında etiraz aksiyanın əsas məqsədi təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasıdır.

Bizim ekoaktivistlərin faydalı qazıntı yataqlarına, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinqlər keçirilməsi nəzərdə tutulurdu. Lakin Rusiya sülhməramlıları buna şərait yaratmadı. Bundan istifadə edən ermənilər dünyaya təxribat dolu informasiyalar ötürməyə başladılar ki, guya yolun bağlanması nəticəsində Xankəndidə sosial problemlər yaşanır. Əslində isə yolu Rusiya sülhməramlıları bağlayıb. Bundan başqa, Rusiya sülhməramlılarının yaratdığı şəraitdən istifadə edən ermənilər Laçın dəhlizi vasitəsilə silah daşıyırlar. Həmçinin, İran vətəndaşının Qarabağ ərazisinə gələrək ermənilərə hərbi təlim keçdiyi müəyyən olunub. Biz bunların qarşısının alınması üçün Rusiya sülhməramlılarından işlərinə məsuliyyətlə yanaşmasını tələb edirik. Göründüyü kimi, vəziyyəti gərginləşdirən Azərbaycan tərəfi deyil.

 Azərbaycan dövlətinin Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi barədə dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, bəzi təşkilatlar belə ciddi məsələylə bağlı ciddi bir iş görməyiblər. Müharibənin bitməsinə baxmayaraq, bəzi ərzailərimizdə ermənilər mina basdırmağa davam ediblər.

Azərbaycan dövləti onların Kəlbəcərdən çıxmasına 10 gün möhlət verdi. Lakin ermənilər bizim humanistliyimizdən istifadə edərək əraziləri minaladılar. Ermənilərin belə təxribatlar törətməsi sülh müqaviləsini ləngidir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.