Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi ortaq layihələr hər iki dövlət üçün böyük önəm daşıyır
Mələk Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərindən sonra cənab İlham Əliyevin ilk rəsmi səfəri qardaş ölkə Türkiyəyə olmuşdur. 19 Fevral tarixində baş tutan bu səfər çərçivəsində İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişdirlər. Bəyanat zamanı cənab İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin, qardaşlıq əlaqələrinin önəmini vurğulamış və qeyd etmişdir ki, bu birlik təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilmişdir.
Bildiyimiz kimi Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti nəticəsindəTürkiyə dünya miqyasında söz sahibi ölkəyə çevrilmişdir. Qardaş ölkənin iqtisadi, siyasi hərbi uğurları bizə də hər zaman ilham vermişdir. Dil, din, soykökü bir olan və dünya siyasətində bir addımlayan bu iki dövlətin demək olar ki, bütün sahələrdə işbirliyi bütün türk dünyasının birləşməsi və güclənməsi baxımından böyük əhəmiyyətə malikdir. Cari ilin iyul ayında keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi zirvə görüşü türk xalqlarının birliyi işinə daha da təkan verəcəkdir.
44 günlük Vətən müharibəsi dövründə özünü Azərbaycandan ayrı görməyən və haqsızlıqlara Azərbaycanla birgə meydan oxuyan Türkiyənin dəstəyi bizim üçün əvəzedilməz idi. Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi ortaq layihələr hər iki dövlət üçün böyük önəm daşıyır. Belə ki, Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü ordusu halına gəlməsi, modernləşdirilməsi, qardaş Türkiyə ilə işbirliyinin nəticəsidir. Yenə də müdafiə sənayesində birgə istehsalla bağlı geniş müzakirələr aparılmış, yeni, konkret planlar hazırlanmışdır.
Həmçinin, nəqliyyat enerji sahəsində layihələrimiz bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Türkiyə ilə ticarət dövriyyəmizin rekord həddə çatması, yükdaşımanın, həcminin artırılması istiqamətindəki fəaliyyətlər, təhsil sisteminin inkişafı, təhsilin ortaq dəyərlər prinsipi ilə həyata keçirilməsi məqsədilə Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin ən gözəl nümunələridir və hər iki ölkənin inkişafında böyük əhəmiyyətə malikdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qərarlarına etiraz etdiklərini və qərar ləğv edilənə qədər Azərbaycana dəstəklərini davam edəcəklərini açıqladı.
Həmçinin, cənab Ərdoğan enerji, ticarət, nəqliyyat sahələrindəki əməkdaşlıqlarımızın daha da artacağını Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması prosesində Azərbaycanla yenə də çiyin-çiyinə hərəkət edəcəklərini bildirmişdir.