Cəbrayıl: Zəfərdən Böyük Qayıdışa uzanan yol
Tutu Həmzəyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini
4 oktyabr Azərbaycan tarixində yalnız bir şəhərin işğaldan azad edildiyi gün deyil. Bu tarix həm də uzun illər doğma yurduna qayıdacağı günü gözləyən minlərlə cəbrayıllının ümidinin gerçəkləşməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi böyük hərbi uğurun rəmzlərindən biridir. 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl Şəhəri Günü elan edilməsi bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.
Cəbrayılın taleyi Azərbaycanın son onilliklərdə keçdiyi ağır və eyni zamanda şərəfli yolun mühüm hissəsidir. 1993-cü ilin avqustunda rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Cəbrayılın əhalisi öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Bir şəhər, dörd qəsəbə və onlarla kənddən ibarət olan rayon uzun illər işğal altında qaldı. Minlərlə ailənin qurduğu həyat dağıldı, insanlar ölkənin müxtəlif bölgələrinə səpələndilər. Cəbrayıllılar yataqxanalarda, müvəqqəti yaşayış yerlərində, qaçqın düşərgələrində məskunlaşsalar da, doğma yurda qayıdacaqları günə olan inamlarını itirmədilər.
İşğal Cəbrayılın təkcə demoqrafik və sosial həyatına deyil, onun tarixi-mədəni irsinə, iqtisadi potensialına da ağır zərbə vurdu. Rayon ərazisində mövcud olmuş məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, istehsal müəssisələri dağıdıldı. Tarixi abidələr, qədim yaşayış məskənləri, türbələr, məscidlər və digər mədəni irs nümunələri ciddi ziyan gördü. Cəbrayılın simvollarından hesab edilən Xudafərin körpüləri də illərlə işğal altında qaldı.
Halbuki, Cəbrayıl işğaldan əvvəl zəngin iqtisadi və sosial potensiala malik rayonlardan biri idi. Kənd təsərrüfatında üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq mühüm yer tuturdu. Rayonda məktəblər, səhiyyə müəssisələri, kitabxanalar, mədəniyyət evləri, sənaye və kənd təsərrüfatı obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl torpaqları həm də müxtəlif təbii ehtiyatları və tikinti materialları ilə seçilirdi. Buna görə işğal nəticəsində itirilən yalnız yaşayış məntəqələri deyil, bütöv bir iqtisadi və ictimai həyat sistemi idi.
Bununla belə, Cəbrayıl istiqamətində mübarizə heç vaxt dayanmadı. 1994-cü ilin əvvəlində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad olunması bu istiqamətdə ilk mühüm nəticələrdən biri oldu. Daha sonra 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini nəzarətə götürməsi bölgədə hərbi-strateji vəziyyəti dəyişdi. Lələtəpənin azad edilməsi Cocuq Mərcanlıya təhlükəsiz qayıdış üçün şərait yaratdı və illər sonra həyata keçiriləcək daha böyük qayıdışın mənəvi başlanğıcına çevrildi.
2020-ci ilin payızında isə Azərbaycan tarixinin tamamilə yeni mərhələsi başlandı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatları qısa müddətdə genişmiqyaslı Vətən müharibəsinə çevrildi. Azərbaycan Ordusunun ilk mühüm hədəflərindən biri Cəbrayıl istiqaməti idi.
Cəbrayıl uğrunda döyüşlər olduqca mürəkkəb şəraitdə aparılırdı. Qarşı tərəf uzun illər ərzində həmin ərazidə bir neçə müdafiə xətti, istehkamlar və möhkəmləndirilmiş mövqelər yaratmışdı. Bu müdafiə sisteminin yarılması Azərbaycan hərbçilərindən böyük peşəkarlıq, iradə və qəhrəmanlıq tələb edirdi. Sentyabrın son günlərindən etibarən rayonun müxtəlif kəndləri bir-bir azad edildi və nəhayət, 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi.