Xəzərin iki sahili: Bakı və Mərkəzi Asiyanın geosiyasi intibahı
Sayad Xalıqova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Son illər qlobal geosiyasətdə cərəyan edən sürətli dəyişikliklər fonunda regional diplomatiyanın ən diqqətçəkən proseslərindən biri, şübhəsiz ki, Azərbaycanın Mərkəzi Asiya regionu ilə yaxınlaşma sürətidir. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki iştirakı bu əlaqələrin artıq sadəcə qardaşlıq ritorikası deyil, ciddi, sistemli və uzunmüddətli bir strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu sübut edir.
Azərbaycanın bu regional formata tamhüquqlu üzv seçilməsi Bakının Şərq-Qərb və Şimal-Cənub vektorlarında oynadığı unikal körpü rolunun rəsmi təsdiqidir. İqtisadi müstəvidə ticarət dövriyyəsinin cəmi bir ildə 50 faizdən çox artması və ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi iqtisadi inteqrasiyanın dönməz xarakter aldığını göstərir. Tərəflər arasında qurulan birgə investisiya fondları isə regional sənaye əməkdaşlığını və irimiqyaslı layihələri konkret iqtisadi nəticələr mərhələsinə daşıyır.
Lakin bu münasibətlərin ən ali və mənəvi tərəfi özünü Qarabağ və Şərqi Zəngəzurun bərpasında büruzə verir. Özbəkistan və Qırğızıstanın Füzuli və Ağdamda inşa etdiyi müasir məktəblər, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi və qardaş Türkmənistanın hədiyyəsi olan yeni məscid sadəcə tikili deyil; onlar Türk dünyasının çətin gündə bir-birinə arxa durmaq fəlsəfəsinin, ortaq soy-kökün və mənəvi yaxınlığın canlı simvollarıdır.
Xəzər dənizi artıq iki fərqli coğrafiyanı ayıran su hövzəsi deyil, əksinə, bizi Orta Dəhliz (Middle Corridor) vasitəsilə qlobal logistika xəritəsinin mərkəzinə çevirən ortaq arteriyadır. Azərbaycanın son illərdə dəniz limanlarına, dəmir yollarına və infrastruktur layihələrinə yatırdığı milyardlarla dollar sərmayə Mərkəzi Asiya ölkələri üçün dünya bazarlarına çıxan ən təhlükəsiz qapıdır.
2027-ci ildə bu mötəbər formata sədrliyin Azərbaycana keçəcəyi fonunda, Bakı və Mərkəzi Asiya paytaxtlarının cızdığı bu ortaq gələcək regionun təhlükəsizliyi, iqtisadi müstəqilliyi və geosiyasi çəkisi baxımından daha parlaq bir mərhələ vəd edir.