Zəngilan bu gün yalnız keçmişin ağrılarını xatırladan bir şəhər deyil

Zəngilan bu gün yalnız keçmişin ağrılarını xatırladan bir şəhər deyil

Tural İsgəndərli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"SOCAR" - ın Sənaye Təhlükəsizlik İdarəsinin əməkdaşı

Azərbaycan Ordusunun qəhrəmanlığı, igid oğullarımızın canı və qanı bahasına göstərdiyi fədakarlıq illərlə gözlənilən Böyük Qələbəyə yol açdı. 20 oktyabr 2020-ci il Zəngilanın taleyində yeni bir səhifənin açıldığı, minlərlə insanın qəlbində sönməyən ümidin gerçəyə çevrildiyi gün oldu. Həmin gün doğma yurdunu yalnız xatirələrində yaşadan insanların ata-baba ocağına qayıtmaq ümidi yenidən çiçəkləndi.

Tarixi-mədəni irsin qorunması, təbiətə həssas münasibət, müasir şəhərsalma prinsiplərinin tətbiqi və dayanıqlı iqtisadi imkanların yaradılması bu prosesin ayrılmaz hissəsi olmalıdır. Çünki əsl dirçəliş keçmişi qorumaqla gələcəyi qurmağı bacarmaqdır. Zəngilanın tarixi simasının, təbii zənginliklərinin və mənəvi dəyərlərinin yaşadılması gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətdir. Bu məsuliyyətin mühüm bir hissəsi də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsidir.

Uşaqlarımız Zəngilanın tarixini yalnız işğal və müharibə hadisələri ilə deyil, onun mədəniyyəti, təbiəti, zəhmətkeş insanları və bu gün yaşadığı yenidənqurma dövrü ilə birlikdə öyrənməlidirlər. Onlar anlamalıdırlar ki, Vətəni sevmək təkcə onun haqqında qürurla danışmaq deyil, həm də onun inkişafı üçün bilik, zəhmət və məsuliyyət nümayiş etdirməkdir. Artıq Zəngilan şəhərinin işğaldan azad edilməsinin altıncı ildönümüdür.

Arxada qalan altı il bir daha göstərir ki, tarixi qələbənin əhəmiyyəti yalnız qazanıldığı günlə məhdudlaşmır. Onun həqiqi dəyəri azad edilmiş torpaqlarda həyatın bərpasında, insanların öz yurdlarına qovuşmasında və gələcək nəsillər üçün yaradılan imkanlarda özünü göstərir. Bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın tarixi yaddaşında daim yaşayacaq.

Zəngilan bu gün yalnız keçmişin ağrılarını xatırladan bir şəhər deyil. O, səbir və dözümün, milli birliyin, qələbə əzminin və yenidən başlamaq gücünün rəmzidir. Onun dirçəlişi hər birimizə bir həqiqəti xatırladır: torpağı azad etmək böyük qəhrəmanlıqdır, onu qorumaq, yaşatmaq və gələcək nəsillərə daha gözəl şəkildə çatdırmaq isə eyni dərəcədə şərəfli məsuliyyətdir.

Paylaş