Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşünün əhəmiyyəti
Gülnar Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Xüsusilə qeyd edilməlidir ki, keçən ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə qəbul edilmiş tarixi qərarla Azərbaycan bu formata tamhüquqlu üzv kimi daxil olmuşdur. Əvvəlki illərdə Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı ilə başlanan dialoq, bu gün institusional baxımdan tam formalaşmış və strateji mahiyyət kəsb edən çoxtərəfli platformaya çevrilmişdir. Bu addım Azərbaycanın Mərkəzi Asiya regionu ilə dərin tarixi, mənəvi və geoiqtisadi bağlarını rəsmi müstəviyə daşımışdır.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi münasibətlər son illərdə misilsiz artım tempi nümayiş etdirir. Dövlət başçısının çıxışında qeyd olunan rəsmi göstəricilərə əsasən, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsində 50 faizdən çox artım qeydə alınmışdır. Bu göstərici tərəflər arasında iqtisadi tamamlayıcılıq prinsipinin nə dərəcədə yüksək olduğunu göstərir.
Hal-hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə fəaliyyət göstərən 400-dən çox aktiv şirkət mövcuddur. Bununla yanaşı, iqtisadi diversifikasiyanı sürətləndirmək və birgə sənaye kooperasiyasını dərinləşdirmək məqsədilə ikitərəfli investisiya mexanizmləri yaradılmışdır. Dövlət başçısı vurğulamışdır ki, əsas hədəf yalnız qarşılıqlı ticarət həcmlərini artırmaqla kifayətlənməmək, həm də birgə istehsal zəncirləri qurmaq, kapitalı birgə yatırmaq və üçüncü ölkələrin bazarlarına vahid strategiya ilə çıxmaqdır.
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə ikitərəfli və tranzit müstəvisində yüksələn xətt üzrə inkişaf edir. Türkmənbaşı dəniz limanı ilə Bakı limanı arasında fəaliyyət göstərən bərə və quru yük daşımaları Şərq-Qərb nəqliyyat koridorunun (Orta Dəhliz) ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına ən qısa və təhlükəsiz marşrutu təmin edir.
Energetika sektoru Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji münasibətlərində xüsusi yer tutur. Tərəflər bərpa olunan enerji resurslarının istehsalı və eksportu sahəsində də regional inteqrasiyanı dərinləşdirirlər.
Beləliklə,Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşü Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın formal deyil, real məzmunla zənginləşdiyini nümayiş etdirdi. Azərbaycanın bu formata tamhüquqlu üzvlüyü, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının vahid geoiqtisadi məkan kimi formalaşmasına təkan verdi.