Elburus Xəlilov
Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın üzv olduğu Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bir sıra orqan və təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır. Əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin dünyada tanıdılması və təşviq edilməsi, türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsi məqsədilə üzv dövlətlərlə əməkdaşlığını daha da möhkəmləndirir.
Noyabrın 3-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Ölkə başçısı Cənab İlham Əliyevin dünya siyasətinə təsir imkanları olan türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atmışdır. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin ən çox səy göstərdiyi məsələlərdəndir.
Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bütün türk dünyasında enerji layihələrinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafı, regional təhlükəsizliyin möhkəmlənməsində türk dövlətlərinin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmaqdadır. Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikası eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik xalqlarla münasibətlərini tamamilə yeni müstəvidə qurmaq imkanı əldə etmişdir. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir.