Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Beynəlxaq miqyasda həyata keçirdiyi qlobal layihələr, ölkəmizin ictimai-siyasi həyatındakı uğurlu islahatlar, Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi qazandığı uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərindən xəbər verir. Həmçinin dövlət başçımızın tez-tez dünyanın tanınmış telekanallarında müxtəlif dillərdə ötkəm çıxışları, müsahiblərinin qərəzli suallarına qarşı verdiyi sərrast cavabları ilə sübut edir ki, o həm də gözəl natiq, tədbirli bir diplomatdır. 2023-cü il iyulun 22-də Şuşada “Euronews” televiziyasında müsahibəsi də onun təqdirəlayiq müsahibələrindən biridir.
Müsahibənin əvvəlində müxbir Azərbaycan ilə Ermənistan arasında gərginliyin hələ də davam etdiyini vurğulayaraq, bunun səbəbinin nə olduğunu soruşmuşdu. Liderimiz isə öz cavabında 2020-ci ilin noyabrın 10-da imzalanan Bəyanatın dayanıqlı sülhü təmin etmədiyini, bunun sülh razılaşması deyil, bir Bəyanat, Ermənistanın kapitulyasiya aktı olduğunu bildirmişdir. Sonra sülh sazişinin prinsiplərinin müəyyən olunduğunu, bu prinsiplərin sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə kimi beynəlxalq hüququn qorunması və.s olduğunu demişdir.
Sonra müxbir Avropa İttifaqının danışıqlar masasında nə kimi rolu olduğunu soruşduqda İlham Əliyev bildirmişdir ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onlara münasibətimiz qarşılıqlı hörmətə, etimada söykənir. Həmçinin dövlət başçımız dünya mediasının diqqətinə onu da çatdırmaq istəmişdir ki, 2020-ci ilin 10 noyabr tarixli Bəyanatın vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil, məhz Rusiya olmuşdur. Əslində prosesin kimin tərəfindən aparılacağı önəmli deyil, əsas nəticəyə gəlmək vacibdir.
Müxbiri maraqlandıran əsas məsələlərdən biri də Laçın dəhlizində baş verən proseslər olmuşdur. Ölkə başçımız bu məsələyə belə aydınlıq gətirdi ki, illərdir bizə məxsus olan sərvətlərimiz qeyri-qanuni yolla ermənilər tərəfindən istismar olunurdu. Müharibə başa çatdıqdan sonra biz bu məsələyə son qoyduğumuzu düşündük. Lakin keçirilən monitorinqlər nəticəsində məlum oldu ki, ölkəmizə məxsus olan dəmir və qızıl filizləri yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Araşdırmalar aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Lakin sonradan bir daha araşdırıldı ki, Qırmızı Xaç Komitəsinə məxsus yük maşınları qeyri-qanuni yolla gətirilən qaçaqmal məhsullarını daşıyır. Buna baxmayaraq, Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb.
Cənab Prezidentimiz diqqətə çəkmək istədiyi məsələlərdən biri də 30 il ərzində işğal altında olan ərazilərimizin tamamilə məhv edilməsi oldu. Füzuli, Ağdam tamamilə yerlə-yeksan edilmişdir. Biz Ermənistan torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və qalib gəldik. Müsahibəsinin sonlarına döğru erməni vətəndaşlarına müraciət edərək bildirmişdir ki, onlar hər zaman təhlükəsiz şəraitdə bütün hüquqlarının qorunması şərti ilə Qarabağda rahat yaşaya bilərlər.
Göründüyü kimi, dünya mediası qarşısında öz sözünü demiş bir insan kimi İlham Əliyev yüksək nüfuza malik dahi bir şəxsiyyətdir.