Suraxanı rayonunda YAP tərəfindən Bələdiyyə Seçkilərində namizədliyi irəli sürülmüş şəxslərlə görüşlər keçirilib
YAP Suraxanı rayon təşkilatının inzibati binasında 29 yanvar 2025-ci ilin tarixdə keçiriləcək Azərbaycan Respublikası Bələdiyyə Seçkiləri ilə əlaqədar YAP tərəfindən Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələr üzrə namizədliyi irəli sürülmüş şəxslərlə görüşlər keçirilmiş və onlara namizədin qeydə alınmasına dair vəsiqələr təqdim olunmuşdur.
Görüşdə öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin, eləcə də Bakı-Qroznı səfərini həyata keçirərkən qəzaya uğramış AZAL-a məxsus təyayarədə həlak olmuş həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov açaraq dedi ki, seçkilər demokratik cəmiyyətin ən zəruri amillərindən biridir. Xalqın iradəsi məhz seçkilər zamanı özünü bariz ifadə edir. Yeni Azərbaycan Partiyasının uzun illərdir seçkilərdə qalib gəlməsinə toxunan yerli təşkilatın sədr müavini bildirdi ki, müdrik xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və Prezident, YAP-ın sədri cənab İlham Əliyevin siyasi kursuna öz etimadını göstərir. Salman Əbdülov xüsusi qeyd etmişdir ki, bu dəfə də YAP cəmiyyətdə və yerlərdə böyük nüfuza malik namizədlərlə bələdiyyə seçkilərində iştirak edəcək. Əminliklə söyləmək olar ki, YAP yenidən və bir daha qalib gələcəkdir. Yerli təşkilatın rəsmisi namizədlərə öz hüquq və vəzifələri haqqında geniş məlumat əldə etməyi, həmçinin, seçki məcəlləsinə uyğun olaraq öz işində məsuliyyətli olmağı tövsiyyə etdi.
Görüşdə YAP tərəfindən Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələr üzrə namizədliyi irəli sürülmüş şəxslər çıxış edərək bildiriblər ki, qalib ölkənin qalib vətəndaşları olaraq bələdiyyə seçkilərində iştirak etmək və zəfərlərin partiyası olan YAP tərəfindən namizədliyi irəli sürülmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir.
Tədbirin sonunda YAP tərəfindən Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələr üzrə namizədliyi irəli sürülmüş şəxslərə namizədliyin qeydə alınmasına dair vəsiqələr təqdim olunub.