Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəblilər arasında “Xalqa bağışlanan ömür” adlı inşa-yazı müsabiqəsi keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında YAP Suraxanı rayon təşkilatının və Suraxanı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Suraxanı məktəbliləri arasında “Xalqa bağışlanan ömür” adlı inşa-yazı müsabiqəsi keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev, Suraxanı Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Zülfiyyə Mustafayeva və Suraxanı rayon məktəbliləri iştirak etmişlər.
Birgə tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev müsabiqədə iştirak edən məktəbliləri salamlayaraq onlara uğurlar arzuladı. Ənvər Haqverdiyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev haqqında danışmaq, onu təsvir etmək, ona olan ehtiram və minnətdarlıq duyğularını ifadə etmək böyük məsuliyyətdir. Ən gözəl sözlər, ən zərif beytlər, ən dərin elmi araşdırmalar, ən həzin melodiyalar məhz ona həsr olunmuşdur. Çünki o hər bir sahənin mahir bilicisi idi. Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkünsüzdür. Bu gün əldə etdiyimiz qələbələrin, zəfərlərin, mötəbər uğurların banisini Azərbaycan xalqı hər zaman qəlbində minnətdarlıq hissi ilə yaşadacaqdır. Ənvər Haqverdiyev xüsusi vurğuladı ki, hər bir gənc üçün Ümummilli liderin həyatı və fəaliyyəti örnək olmalıdır. Hər bir gənc vətənini, ailəsini, bayrağını Ulu Öndərin sevdiyi kimi sevməli, canından artıq bilməlidir.
Suraxanı Rayon Gənclər və İdman idarəsinin məsul əməkdaşı Zülfiyyə Mustafayeva çıxış edərək bildirdi ki, YAP Suraxanı rayon təşkilatı ilə birgə il ərzində artıq bir neçə dəfə müxtəlif istiqamətli inşa-yazı müsabiqələri keçirilmişdir. Zülfiyyə Mustafayeva xüsusi vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin irsinin gənclər arasında təbliğ edilməsində və onların vətənpərvər fərd kimi yetişməsində bu kimi tədbirlərin müstəsna xidmətləri vardır.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Suraxanı məktəbliləri arasında “Xalqa bağışlanan ömür” adlı inşa-yazı müsabiqəsi davam etmişdir.