YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

21 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirir.

Növbəti belə tədbir Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsi ünvanında yerləşən 282 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, ƏPT sədri, məktəbin direktoru Səadət Məmmədova və partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ƏPT sədri Səadət Məmmədova bildirib ki, dövlət başçısının gənc nəslin milli mənlik şüurunun inkişafına yönəlmiş siyasi kursu ölkənin gələcək təhlükəsizlik xəttini müəyyən edir. Səadət Məmmədova vurğulayıb ki, sərhədsiz informasiya dövründə yad təfəkkür tərzlərinin mənfi təzahürlərindən qorunmaq üçün Azərbaycanın intellektual potensialının məhz yerli məfkurə zəminində formalaşdırılması qaçılmaz bir tələbdir.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Kürsüm Həsənova qeyd edib ki, Prezidentin milli elmi potensialın gücləndirilməsi və təhsil sisteminin müasirləşdirilməsi barədə tapşırıqları sıradan bir islahat deyil, intellektual müstəqillik hədəfidir. Bu strategiya qlobal təhsil trendlərindəki kənar tendensiyaların mənfi təzahürlərini önləməyə, ölkənin elmi elitasını və beyin qüvvəsini dövlətin milli maraqlarına xidmət edəcək şəkildə yetişdirməyə yönəlmişdir.

Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini diqqətə çatdırıblar.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Paylaş